Gəncə. Trend:
Gəncə Memorial Kompleksi 2020-ci ilin oktyabrında Ermənistan silahlı qüvvələri tərəfindən raket zərbələrinə məruz qalmış ərazilərin birində layihələndirilib.
Trend-in yerli müxbirinin xəbərinə görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbəsinin müdiri Ramil Cahangirov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, kompleksin təməli 2022-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub.
"Kompleksin ərazisi 4 hektarı əhatə edir, əsas mərkəzi elementi muzey binasıdır. Bu muzey binası iki mərtəbəlidir, xüsusi memarlığa malikdir, aypara formalıdır. Bina spiralvari formada layihələndirilib, raketin yerdəki izini simvolizə edir. Həmin binanın əsas hissəsini isə sərgi zalı təşkil edir.
Sərgi zalında Azərbaycan xalqına qarşı cinayətləri əks etdirən ekspozisiya təşkil olunub. Ekspozisiyanın bir neçə bölməsi var. Birinci bölməsi 20-ci əsrin əvvəlində törədilən hadisələr, 1905-1906-cı il qırığınları, 1918-ci il qırğınları, həmçinin 1948-1953-cü illərdə Qərbi azərbaycanlıların doğma torpaqlarından deportasiyasını həyata keçirən faktlar işıqlandırılır", - o əlavə edib.