Bakı. Trend:
Vətəndaşların etibarından sui-istifadə edərək onların qızıllarını mənimsəməkdə təqsirləndirilən Xəyal Abdullayev və köməkçisi Fərid Abuzərlinin cinayət işi üzrə məhkəməsi davam edib.
Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ittiham aktı elan edilib.
İttihama görə, təqsirləndirilən şəxslər öncə tanışlarının adına saxta sənəd hazırlayaraq pul müqabilində onlardan qızıl alıb.
Onlar cinayət işi üzrətəqsirli bilinərlərsə, 10 ildən 14 ilədək azaqdlıqdan məhrum ediləcək.
Daha sonra bəstəkar, əməkdar artist Elza Seyidcahan (Qasımova) ifadə verib.
O, bildirib ki, bəzi problemlərinə görə ora müraciət edib:
“Bizim bəzi problemlərimiz yaranmışdı. Ona görə lombarda müraciət etdik. Anamın, özümün, rəfiqəmin qızılları qoyduq. 8500 manat götürdük. Sonra pulları ödədik. Mənə dedilər ki, qızıllar 1 həftə sonra veriləcək. Beləliklə, 1 həftə aylar oldu. Mən də məcbur qaldım polisə müraciət etdim. Mənə ziyan ödənilməyib”.
Proses zərərçəkmişlərin ifadəsi ilə 3 noyabrda davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən Xəyal Abdullayev Cinayət Məcəlləsinin 178.4-cü dələduzluq, xüsusilə külli-miqdarda törədildiksə) 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), Fərid Abuzərli isə 179.3,2-ci ( mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.