Bakı. Trend.
Enerji Effektivliyi Fondunun tələblərinin son versiyası üzərində iş gedir.
Bunu Trend-ə Azərbaycanın Energetika nazirinin müavini Elnur Soltanov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində özəl müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu Fond vasitəsilə artıq Azərbaycanda bir çox səmərəlilik layihələrinə təşviqlər veriləcək:
"Yəni, bazardan daha aşağı faizlərlə dəstək veriləcək. Bu istiqamətdə yaxın zamanlarda aktivlik hiss ediləcək".
Qeyd edək ki, Enerji Effektivliyi Fondunun məqsədi enerji resurslarından səmərəli istifadəni təşviq etmək və enerjiyə qənaət tədbirlərini həyata keçirməkdir.
Fondun vəsaitlərinin idarəçisi Azərbaycan Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyidir.
Fond enerji resurslarının səmərəli istifadəsini təşviq etmək və enerjiyə qənaət tədbirlərini həyata keçirmək məqsədilə yaradılmışdır. Fondun vəsaiti hesabına Agentlik tərəfindən ayrılacaq güzəştli kreditlər, həyata keçiriləcək pilot layihələr, eləcə də qrantlar və subsidiyalar ölkənin energetika sektorunun inkişafı, enerji resurslarının səmərəli və dayanıqlı istifadəsi, həmçinin ətraf mühitə mənfi təsirin azaldılması üçün əlverişli şərait yaradacaq.