Bakı. Trend:
Özbəkistan Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin ticarət, nəqliyyat inteqrasiyası və logistikanın inkişafına yönəlmiş beynəlxalq multimodal forumunu keçirməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar İnstitutunun direktor müavini Şafoyat Nurullayeva TDT-nin beyin mərkəzlərinin Bakıda keçirilən konfransında danışıb.
Onun sözlərinə görə, TDT ölkələri ticarət, sənaye kooperasiyası, nəqliyyat əlaqələri və rəqəmsallaşma sahələrində iqtisadi əməkdaşlığı fəal şəkildə genişləndirirlər. Bu prosesin mühüm alətləri arasında TDT-nin investisiya fondu, ticarət üçün onlayn platformalar və birgə sənaye layihələrinin inkişafına dair proqramlar yer alır.
“Beynəlxalq multimodal forum bizə səylərimizi birləşdirməyə, türk dünyası daxilində səmərəli tədarük zəncirləri yaratmağa, eləcə də nəqliyyat və logistika sahələrində əlaqələndirməni gücləndirməyə imkan verəcək”, – deyə Nurullayeva vurğulayıb.