...

Azərbaycan Türkiyə ilə birlikdə müxtəlif sektorlarda pilot layihələr həyata keçirməyi planlaşdırır

Cəmiyyət Materials 29 Sentyabr 2025 15:13 (UTC +04:00)
Azərbaycan Türkiyə ilə birlikdə müxtəlif sektorlarda pilot layihələr həyata keçirməyi planlaşdırır
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bildiyiniz kimi, süni intellekt artıq dünyanın bir çox ölkəsində müxtəlif sahələrdə istər iqtisadiyyat, istər sənaye, istər xidmət sektoru olsun geniş şəkildə tətbiq olunmağa başlayıb. Bu ilin mart ayında Prezident İlham Əliyevin təşəbbüsü ilə süni intellekt sahəsində milli strategiya qəbul olundu. Strategiyada 18 əsas tədbir müəyyənləşdirilib. Onlardan biri sahibkarlara dəstək verilməsi, süni intellekt texnologiyalarından istifadəyə şərait yaradılması və bu sahəyə güzəştlərin tətbiqi ilə bağlıdır.

Trend xəbər verir ki, bu sözləri Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SIM) icraçı direktoru Fariz Cəfərov deyib.

O bildirib ki, bu kontekstdə biz düşündük ki, süni intellekt sahəsində artıq təcrübəsi olan, inkişaf etmiş ölkələrlə əməkdaşlıq vacibdir:

"Təbii ki, burada qardaş Türkiyə ilə birgə əməkdaşlıq bizim üçün xüsusi əhəmiyyət daşıyır. Türkiyənin süni intellekt sahəsində fəaliyyət göstərən ən böyük təşkilatlarından biri olan AIPAI ilə bu gün birgə niyyət protokolu imzaladıq. Əsas məqsədimiz süni intellekt sahəsində çalışan Türkiyə şirkətləri ilə Azərbaycanın müxtəlif sahələrində istər istehsalat, istər logistika, istər xidmət sektoru əməkdaşlıqlar qurmaq, ortaq layihələr icra etməkdir. Bu layihələr nəticəsində həm təşkilatların xərcləri azalsın, həm də effektivlik və səmərəlilik artsın. Süni intellekt, təkrarlanan və rutin işləri insanlar əvəzinə yerinə yetirməyə imkan verir bu da məhsuldarlığı yüksəldir".

"Hazırda ideya mərhələsində olan layihələr var, məsələn, Azərbaycan dilində çalışan süni intellekt modelinin hazırlanması. Çünki süni intellekt böyük verilənlər bazası ilə işləyir və hər bir dilin özünəməxsus leksik və qrammatik strukturu var. Ona görə də bu texnologiyaları "uşaq kimi" dil öyrədərək tədricən inkişaf etdirmək lazımdır. Türkiyə ilə birlikdə müxtəlif sektorlarda pilot layihələr həyata keçirməyi planlaşdırırıq. Nəticələri gördükdən sonra isə bu layihələrin miqyasını daha da genişləndirəcəyik",- deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti