Bakı. Trend:
Türk Dövlətləri Təşkilatı Mərkəzi Asiya ölkələrinin də daxil olduğu “yaşıl” enerji dəhlizinin inkişafı üçün effektiv platformaya çevrilmək potensialındadır.
Trend xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yanında Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri Vüsalə Cəfərova TDT- üzv dövlətlərinin beyin mərkəzlərinin Bakıda keçirilən konfransında deyib.
Onun sözlərinə görə, dəhlizin uğurlu həyata keçirilməsi Avropa İttifaqı tərəfindən maliyyələşmə və bulud texnologiyaları sahəsində tərəfdaşlıq tələb edəcək ki, bu da Avropa və qonşu regionların enerji təhlükəsizliyini gücləndirməyə imkan verəcək.
Cəfərova qeyd edib ki, Azərbaycan Çin ilə əməkdaşlığı genişləndirir və bu əməkdaşlıq çərçivəsində üç iri birgə enerji təşəbbüsü həyata keçirilir.
“Enerji təhlükəsizliyi milli və regional sabitliyin əsas hissəsidir. Diplomatiya olmadan effektiv enerji dəhlizləri yaratmaq və enerji ixracını təmin etmək mümkün deyil”, - ekspert vurğulayıb.