Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) üçün özəl sektor əməliyyatlarımızın mərkəzində durur. Keçən il ümumi investisiyalarımızın 74%-i birbaşa özəl sektor layihələri ilə bağlı olub.
Trend xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndəsi Real Hacıyev Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı bildirib.
O qeyd edib ki, AYİB özəl sektorun təşəbbüsü ilə həyata keçirilən investisiyalara təxminən 5 milyard ABŞ dolları cəlb etməyə kömək edib: "Belə desək, AYİB yeni investisiyaların açılmasına yardım edib. Kontekstə qoysaq, hər 1 ABŞ dolları 2 ABŞ dolları həcmində əlavə investisiyanı cəlb etməyə imkan verir. Bu da qlobal iqlim keçidinə dəstək verir.
Bəs bunu necə həyata keçirmək olar? Bunun bir neçə üsulu var. Ən önəmlisi, əlbəttə ki, iri infrastruktur layihələridir. Məsələn, bərpa olunan enerji layihələri, infrastruktur və əlaqələndirmə layihələrini qeyd edə bilərəm. Hər bir layihədə biz iqlim keçidi və qlobal prinsipləri layihənin strukturu daxilində tətbiq etməyə çalışırıq".
AYİb nümayəndəsi vurğulayıb ki, layihə sponsorlarını bu elementləri daxil etməyə təşviq etmək üçün qarışıq maliyyələşdirmə, texniki yardım və ümumi dəstək tədbirlərindən istifadə edilir: "Məsələn, Azərbaycanda keçən il COP tədbiri zamanı hökumətə ilk bərpa olunan enerji hərraclarının təşkili üzrə dəstək verdik. Belə ki, Qaradağ bölgəsində 100 MVt gücündə günəş panelləri hərrac yolu ilə tender edilib və qalib Çin şirkəti olub. Beləliklə, biz həm maliyyə cəlb etməyə, həm də bunun üçün uyğun siyasət mühitinin yaradılmasına kömək edirik".
R. Hacıyev əlavə edib ki, iqlim maliyyəsini cəlb etmək və yönəltmək üçün AYİB-in əsas kanalı yerli maliyyə institutlarıdır: "Biz tərəfdaş banklar və maliyyə institutları ilə işləyərək vəsaiti yerli şirkətlərə yönəldirik. Bu təsir adətən daha kiçik addımlarla əldə edilir, iri infrastruktur layihələri qədər böyük olmur. Məsələn, daha yaxşı izolyasiya tətbiq edən, itkiləri azaldan və ya yağış suyundan istifadə edən şirkətlər daha əlverişli maliyyə şərtləri ilə təşviq olunur.
Beləliklə, AYİB iqlim keçidini bu üsullarla həyata keçirir".