...

Azərbaycanın voleybol millisi III MDB Oyunlarına qələbə ilə başlayıb (FOTO) (YENİLƏNİB)

İdman Materials 29 Sentyabr 2025 20:26 (UTC +04:00)
Azərbaycanın voleybol millisi III MDB Oyunlarına qələbə ilə başlayıb (FOTO) (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında voleybol yarışlarına start verilib.

Trend xəbər verir ki, Gəncə İdman Sarayında təşkil edilən görüşlərdə qızlardan ibarət Azərbaycan millisi də ilk sınağına çıxıb.

A qrupunda yer alan yığma Tacikistanla qarşılaşıb. Görüş millinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komanda növbəti görüşünü oktyabrın 3-də Özbəkistan seçməsinə qarşı keçirəcək.

xxx

20:20

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında sambo yarışları başa çatıb.

Trend xəbər verir ki, yarışlar Göygöl Olimpiya İdman Kompleksində təşkil olunub.

Səkkiz idmançımız fəxri kürsüyə yüksəlib.

Azərbaycan təmsilçilərindən Abdullətif Musayev (53 kiloqram), Nihad Rəhimov (64 kiloqram) qızıl, Əbubəkir Hüseynov (98 kiloqram), Rəsul Səmədli (+98 kiloqram), Rüstəm Qasımzadə (58 kiloqram) gümüş, Sadiq Nadirov (79 kiloqram), Mikayıl Əmirov (71 kiloqram ) və Xəzər Əmrahlı (88 kiloqram) isə

bürünc medal qazanıblar.

Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

xxx

19:23

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında boks yarışlarına start verilib.

Trend xəbər verir ki, Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan turnirə millimizin 3 idmançısı qələbə ilə başlayıb.

Boksçumuz Aysel Fərəcova (46 kiloqram) 1/4 final çərçivəsində Aleksandra Kutsikova (Belarus) ilə üz-üzə gəlib. O, rəqibinə 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:26) hesabı ilə qalib gəlib. Fərəcova yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib. Yığma üzvü növbəti görüşünü oktyabrın 2-də Ruxşonabonu Ahadovaya (Özbəkistan) qarşı keçirəcək.

Cəmilə Muradlı (54 kiloqram) da adını yarımfinala yazdırıb. Boksçumuz startda Niqora Yusupovaya (Tacikistan) ilk raundda tam üstünlüklə qalib gəlib. Özü üçün azı bürünc medalı təmin edən Muradlı finala gedən yolda Adelayda Sadvakassova (Qazaxıstan) ilə üz-üzə gələcək. Döyüş oktyabrın 2-nə təsadüf edəcək.

63 kiloqramda Haqverdi Həsənov isə 1/4 finalda Bahdan Şaşlikovdan (Belarus) güclü olub. O, rəqibini 3:2 (28:29, 29:28, 30:27, 28:29, 30:27) hesabı ilə məğlub edib. Yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edən boksçumuz bu mərhələnin döyüşündə David Karababayevlə (Rusiya) münasibətinə aydınlıq gətirəcək. Görüş oktyabrın 3-də olacaq.

Qeyd edək ki, MDB Oyunlarında boks yarışlarına oktyabrın 5-də yekun vurulacaq.

xxx

18:22

Azərbaycanın daha iki samboçusu III MDB Oyunlarında medal qazanıb.

Trend xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan yarışların finalında təmsilçimiz Nihad Rəhimov (64 kiloqram) həlledici görüşdə rusiyalı Artem Xarisovla qarşılaşıb və rəqibini məğlub edərək qızıl medal əldə edib.

Digər təmsilçimiz Rüstəm Qasımzadə (58 kiloqram) isə finalda rusiyalı idmançıya uduzaraq gümüş medalla kifayətlənib.

Daha əvvəl Abdullətif Musayev (53 kiloqram) Özbəkistandan olan Qamzat Maksetbayevlə qarşılaşıb. Görüş idmançımızın qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

xxx

18:17

Azərbaycanın daha iki taekvondoçusu III MDB Oyunlarında qızıl medal qazanıb.

Trend xəbər verir ki, Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışın finalında Azərbaycanın qız taekvondoçuları Humay Dadaşova (46 kiloqram) və Məryəm Məmmədova (53 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Onlar finalda müvafiq olaraq, özbəkistanlı Valeriya Xeqay və rusiyalı Əzizə Hüseynovaya 2:1 hesabı ilə qalib gəliblər.

Finalda məğlub olan Ümid Rəhimzadə (54 kiloqram) və Elcan Əliyev (74 kiloqram) ikinci yeri tutublar. Mübarizəni yarımfinalda dayandıran Tamerlan Yaqubov (54 kiloqram), Allahverdi Məmmədov və Zeynal Əliyev (hər ikisi 87 kiloqram), Səlimə Quliyeva (46 kiloqram), Nilufər Borci (53 kiloqram) və Nərgiz Kazımova (62 kiloqram) isə bürünc mükafatla kifayətləniblər.

Beləliklə, Azərbaycan taekvondoçuları yarışın ilk günündə 3 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar. Daha əvvəl Ziya Həsənli (63 kiloqram) qızıl medala sahib çıxmışdı.

xxx

17:27

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında sambo yarışlarının final görüşlərinə start verilib.

Trend xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan yarışların finalında təmsilçimiz Abdullətif Musayev (53 kiloqram) Özbəkistandan olan Qamzat Maksetbayevlə qarşılaşıb.

Görüş idmançımızın qələbəsi ilə yekunlaşıb. Bu, Azərbaycanın III MDB Oyunlarında qazandığı ilk qızıl medal olub.

Bu gün daha dörd samboçumuz finalda çıxış edəcək.

Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti