Bakı. Trend:
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) tikintisi yekunlaşmaq üzrədir. Artıq orada əldə edilən enerjinin sistemə qoşulması prosesinə başlanılıb.
Bunu Trend-ə Azərbaycanın Energetika nazirinin müavini Elnur Soltanov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində özəl müsahibəsində bildirib.
Nazir müavini qeyd edib ki, artıq 10 bərpa olunan enerji stansiyasının tikintisi prosesi başlayıb:
"Məsələn, Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti tərəfindən həyata keçirilən və ümumi gücü 240 meqavat olan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) tikintisi yekunlaşmaq üzrədir. Artıq orada əldə edilən enerjinin sistemə qoşulması prosesinə başlanılıb".
Qeyd edək ki, ümumilikdə layihə ölkənin ümumi energetik balansında “yaşıl” enerjinin payını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. İlkin hesablamalara görə, stansiya hər il təxminən 1 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək ki, bu da 220 milyon kubmetr təbii qazın qənaət olunmasına, atmosferə 400 mindən çox ton karbon qazının buraxılmasının qarşısının alınmasına və 300 min evin elektrik enerjisi ilə təmin edilməsinə imkan yaradacaq. Layihənin ümumi investisiya həcmi təxminən 340 milyon ABŞ dollarıdır.