İtkin düşmüş şəxslərlə bağlı həqiqətin üzə çıxacağına ümid edirik - Katrin Bomberqer

Gündəm Materials 30 İyun 2026 13:04 (UTC +04:00)
İtkin düşmüş şəxslərlə bağlı həqiqətin üzə çıxacağına ümid edirik - Katrin Bomberqer
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

İtkin düşmüş şəxslərlə bağlı çoxsaylı işlər qalır və ailələrin həqiqəti öyrənəcəyinə ümid edirik.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) baş direktoru Katrin Bomberqer İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda Beynəlxalq Konfransda çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, buradakı fəaliyyətin əsas məqsədi Azərbaycanın bu sahədə imkanlarını daha da gücləndirməkdir:

"Hələ də çox sayda itkin düşmüş şəxs işi mövcuddur. Ümid edirik ki, Azərbaycan və Ermənistana göstərdiyimiz dəstək nəticəsində itkin düşmüş şəxslərin ailələri nəhayət həqiqəti öyrənəcək, onların ədalətə, kompensasiyaya və həqiqətə çıxış hüquqları təmin olunacaq.

Eyni zamanda ümid edirik ki, dünyada bu qədər münaqişələrin yaşandığı bir dövrdə bölgədə davamlı və möhkəm sülh bərqərar olacaq. Bugünkü səfərimizin əsas məqsədi Azərbaycanın itkin düşmüş şəxslərin axtarışı və şəxsiyyətinin müəyyənləşdirilməsi sahəsində qabaqcıl məlumat sistemlərindən istifadə imkanlarını inkişaf etdirmək və gücləndirməkdir. İllər ərzində biz DNT analizi sahəsində təlimlər keçirmişik. Bu sahədə xüsusi təcrübəyə malikik, çünki dünyanın müxtəlif münaqişə bölgələrində çalışmışıq. DNT əsaslı identifikasiya metodlarının tətbiqi və çox mürəkkəb vəziyyətdə olan ölümsonrası nümunələrdən DNT-nin çıxarılması üzrə ixtisaslaşmışıq. Bu, Azərbaycan üçün xüsusilə vacibdir, çünki itkin düşmüş şəxslər uzun illər əvvəl itkin düşüblər və onların sümük qalıqlarından DNT əldə etmək olduqca çətindir.

Qeyd etmək istərdim ki, Azərbaycanda məhkəmə-tibbi ekspertiza və forensik imkanlarla tanış olmuşuq və onların yüksək səviyyədə olduğunu görmüşük. Azərbaycanın məhkəmə-genetikası üzrə mütəxəssisləri ilə əməkdaşlıq etməkdən məmnunluq duyuruq. Onlar, eləcə də erməni mütəxəssislər ICMP laboratoriyalarında təlim keçərək öz peşə bacarıqlarını daha da inkişaf etdiriblər.

Ümid edirik ki, inteqrasiya olunmuş məlumatların idarə edilməsi sistemi indiyədək əsasən kağız daşıyıcılarda toplanmış tarixi məlumatların elektron formata köçürülməsinə və bütün prosesin müasirləşdirilməsinə imkan verəcək. Bundan sonra toplanacaq bütün məlumatların da elektron formatda saxlanılması təmin olunacaq.
Beləliklə, antropoloqlar və arxeoloqlar sahə tədqiqatları zamanı topladıqları məlumatları real vaxt rejimində sistemə daxil edə biləcəklər. İnsan qalıqlarını araşdıran antropoloqlar öz məlumatlarını, DNT mütəxəssisləri isə analiz nəticələrini dərhal bu məlumat bazasına yükləyə biləcəklər.

Bu sistem həmçinin itkin düşmüş şəxslərlə bağlı fəaliyyət göstərən və Dövlət Komissiyasının tərkibində təmsil olunan müxtəlif dövlət qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcək. Qurumlar vahid və qarşılıqlı əlaqəli məlumat bazası vasitəsilə daha səmərəli işləyə biləcəklər ki, bu da itkin düşmüş şəxslərin axtarışı və identifikasiyası prosesini əhəmiyyətli dərəcədə sürətləndirəcək.

Sistemə daxil edilən digər mühüm yenilik onlayn platformadır. Bu platforma vasitəsilə itkin düşmüş şəxslərin ailələri real vaxt rejimində müraciət edə, anonim şəkildə ehtimal olunan kütləvi məzarlıqlar və ya digər yerlər barədə məlumat təqdim edə, həmçinin öz işlərinin icra vəziyyəti haqqında operativ məlumat ala biləcəklər. Bu, son dərəcə vacib yenilikdir.

Eyni zamanda ümid edirik ki, bu mexanizm Azərbaycan və Ermənistan arasında əməkdaşlığın inkişafına da töhfə verəcək. Bölgədə sülh istiqamətində irəliləyişlərin müşahidə olunmasından məmnunuq. Bu, iki ölkə arasında imzalanmış sülh sazişi ilə öz təsdiqini tapır və ümid edirik ki, həmin saziş qüvvəyə minəcək.

Sülh sazişinin 9-cu maddəsi olduqca güclü və müasir müddəadır. Mənim indiyədək gördüyüm sülh sazişləri arasında itkin düşmüş şəxslərlə bağlı ən müasir və ən yaxşı hüquqi müddəalardan biridir. Bu məlumat sistemi də hər iki hökumət arasında itkin düşmüş şəxslərin axtarışı və identifikasiyası sahəsində əməkdaşlığın inkişafına xidmət edə bilər".

Xəbər lenti

Xəbər lenti