Bakı. Trend:
Bakı Dövlət Univeristeti Türkşünaslıq araşdırmalarını özünün prioritet istiqamətlərindən biri hesab edir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsi çərçivəsində keçirilən “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” adlı beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, hazırda universitetimizdə türkşünaslıq araşdırmaları bir neçə kafedrada – Türkologiya, Türk filologiyası, Türk xalqlarının tarixi, Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan dilçiliyi və Azərbaycan tarixi kafedralarında, eləcə də elmi-tədqiqat mərkəz və laboratoriyalarında – Mədəni irs araşdırmaları mərkəzində, Qərbi Azərbaycan araşdırmaları mərkəzində, Türkşünaslıq araşdırmaları, Azərbaycan dilinin tətbiqi məsələləri, Dədə Qorqud, Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə elmi-tədqiqat laboratoriyalarında həyata keçirilir:
"Bakı Dövlət Universiteti Qazaxıstan, Türkiyə, Özbəkistan və Gürcüstanın nüfuzlu ali təhsil müəssisələri və elmi mərkəzləri ilə sıx əməkdaşlıq edir.
Bu prosesdə ali təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biri elmi və texnoloji tərəqqinin ən yüksək səviyyəyə qaldırılmasıdır. Ali təhsil müəssisələri vahid elmi məkanın formalaşdırılması, ortaq layihələrin həyata keçirilməsi və elmi məlumat mübadiləsinin genişləndirilməsinə töhfə verməlidir.
Digər mühüm məsələ isə gənc tədqiqatçıların hazırlanmasıdır. Yeni nəsil türkologlar yalnız klassik filoloji biliklərə deyil, həm də rəqəmsal texnologiyalar, məlumat bazalarının idarə olunması, statistik analiz, süni intellekt alətlərindən istifadə və beynəlxalq elmi kommunikasiya bacarıqlarına yiyələnməlidirlər.
Ali məktəblər eyni zamanda türk dillərinin müqayisəli tədqiqi, ortaq terminologiyanın zənginləşdirilməsi, birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsi, elmi nəşrlərin beynəlxalq elmi bazalarda sayının artırılması, akademik mobilliyin genişləndirilməsi, ikili diplom proqramlarının tətbiqi, həmçinin ortaq magistratura və doktorantura proqramlarının yaradılması istiqamətində fəaliyyətlərini daha da gücləndirməlidirlər".
