Bakı. Trend:
Azərbaycanda Ani Ödənişlər Sisteminin aylıq dövriyyəsi 1 milyard manatı ötüb.
Trend-in tədbirdəki müxbirinin verdiyi məlumata görə, bunu Bakıda keçirilən "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" tədbirində Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktoru Əfqan Abbasov jurnalistlərə deyib.
"AMB ödəniş infrastrukturunun inkişafı istiqamətində bir sıra layihələrin icrasını davam etdirir və Ani Ödənişlər Sisteminin təkmilləşdirilməsinə xüsusi diqqət yetirir. Mərkəzi Bank banklar və fintex şirkətləri ilə birlikdə müştərilər arasında köçürmələrin, AzQR ödənişlərinin, dövlət ödənişləri və hesablaşmalarının Ani Ödənişlər Sistemi vasitəsilə həyata keçirilməsi üzrə layihələr reallaşdırır.
Artıq bu gün Ani Ödənişlər Sisteminin aylıq dövriyyəsi 1 milyard manatı ötüb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici üç dəfədən çox artıb", - deyə Ə.Abbasov bildirib.
O qeyd edib ki, gələcəkdə Mərkəzi Bank Ani Ödənişlər Sisteminin istifadəsini daha da genişləndirməyi planlaşdırır. Bu, QR ödənişlərinin inkişafı, fintex şirkətlərinin birbaşa və dolayı qoşulma modeli ilə sistemə inteqrasiyası, həmçinin sistemin elektron ticarət sahəsində tətbiqi hesabına həyata keçiriləcək.
Ə.Abbasovun sözlərinə görə, Ani Ödənişlər Sisteminin beynəlxalq inteqrasiyalarının inkişafı istiqamətində də iş aparılır.
Fintex şirkətləri ilə əməkdaşlıqdan danışan AMB nümayəndəsi bildirib ki, sistemə qoşulmaq üçün artıq birbaşa və dolayı qoşulma modelləri formalaşdırılıb.
"Hər bir qoşulma variantının öz parametrləri və xüsusiyyətləri var. Fintex şirkətləri biznes modellərinə uyğun variantı seçir, zəruri inteqrasiyaları həyata keçirir və Ani Ödənişlər Sistemi vasitəsilə əməliyyatlar apara bilirlər. Bu da onların daha operativ fəaliyyət göstərməsinə imkan yaradır.
Mərkəzi Bank AzQR ödənişlərinin istifadəsini fəal şəkildə təşviq edir. Bank-emitentlər artıq mobil tətbiqlərində AzQR ödənişlərinin həyata keçirilməsi imkanını təmin ediblər. Bu imkan bir sıra fintex şirkətlərində də tətbiq olunub, digərləri isə müvafiq funksionallığın tətbiqini davam etdirirlər", - deyə o bildirib.
Bundan əlavə, o qeyd edib ki, AzQR texnologiyası artıq POS-terminallar şəbəkəsinin əhəmiyyətli hissəsi tərəfindən dəstəklənir. Bunun sayəsində bankların və fintex şirkətlərinin mobil tətbiqlərinin istifadəçiləri bu cür ödənişləri həyata keçirə bilirlər.
"Cari ay AzQR ödənişlərinin sayı 40 milyona yaxınlaşıb. İllik müqayisədə artım 30 dəfədən çox olub", - deyə Ə.Abbasov bildirib.
AzQR-in beynəlxalq kart ödəniş sistemlərinin mövqeyinə təsiri ilə bağlı sualı cavablandıran AMB nümayəndəsi vurğulayıb ki, AzQR alternativ ödəniş üsuludur.
"AzQR-dən istifadə müştərilərin seçimindən və vərdişlərindən asılıdır. Biznes və ekvayr-banklar üçün bu alət müəyyən üstünlüklər yaradır – komissiyalar daha aşağıdır, ödənişlər üzrə hesablaşmalar isə faktiki olaraq ani həyata keçirilir", - deyə o əlavə edib.
