Bakı. Trend:
Fintex şirkətləri bankların rəqibi deyil, onların innovativ tərəfdaşlarıdır və Azərbaycanın rəqəmsal maliyyə ekosisteminin gələcək inkişafı bu əməkdaşlığın gücləndirilməsindən asılıdır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Bakıda keçirilən "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" tədbirində AzFina-nın İdarə Heyətinin sədri Edqar Abdullayev deyib.
Onun sözlərinə görə, Azərbaycan artıq təkcə beynəlxalq tədbirlərin keçirildiyi məkan deyil, həm də maliyyə texnologiyaları, rəqəmsal ödənişlər və innovativ maliyyə həlləri sahəsində regional gündəliyi formalaşdıran əsas oyunçulardan birinə çevrilir.
"Bu gün əsas prioritetimiz yalnız rəqəmsallaşma deyil. Məqsədimiz banklar, fintex təşkilatları, tənzimləyici qurumlar və ekosistemin bütün iştirakçıları arasında güclü əməkdaşlıq mühiti formalaşdırmaq, innovasiyaları təhlükəsizlik və etibarlılıq prinsipləri ilə birləşdirmək, həmçinin vətəndaşları daha əlçatan, sürətli və dayanıqlı maliyyə xidmətləri ilə təmin etməkdir", - deyə o bildirib.
AzFina-nın İdarə Heyətinin sədri vurğulayıb ki, fintex şirkətləri bankların rəqibi deyil.
"Biz, fintex şirkətləri, bankların innovativ tərəfdaşlarıyıq. Güclü bank sektoru olmadan güclü fintex ekosistemi formalaşdırmaq mümkün deyil. Eyni zamanda, innovativ fintex şirkətləri olmadan bank sektorunun uzunmüddətli rəqabət qabiliyyətini təmin etmək çətin olacaq. Azərbaycanın uğuru birbaşa bu tərəfdaşlığın güclənməsi ilə bağlıdır və sağlam rəqabət, eləcə də güclü qarşılıqlı fəaliyyət maliyyə sektorunun dayanıqlı inkişafının əsas şərtlərindən biridir.
Azərbaycan artıq rəqəmsal maliyyə ekosistemini formalaşdıran iştirakçılardan birinə çevrilib ki, bu da dövlətin uzaqgörən iqtisadi siyasətinin və innovasiyalara verilən dəstəyin nəticəsidir", - deyə Edqar Abdullayev qeyd edib.
