Bakı. Trend:
Azərbaycan Fintex Assosiasiyası (AzFina) iştirakçılarının məlumatları əsasında sahə üzrə hesabatlar dərc etməyi planlaşdırır.
Trend-in tədbirdəki müxbirinin məlumata görə, bunu Bakıda keçirilən "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" tədbirində AzFina-nın İdarə Heyəti sədrinin müavini Eynar Abdullayev deyib.
Onun sözlərinə görə, səhmdar cəmiyyətləri artıq hər ilin birinci rübünün yekunlarına dair maliyyə hesabatlarını rəsmi internet səhifələrində dərc etməyə borcludurlar.
"Qapalı səhmdar cəmiyyətləri və məhdud məsuliyyətli cəmiyyətlər üçün də hesabat təqdim etmək tələbi mövcuddur. Lakin bu məlumatlar Azərbaycan Mərkəzi Bankına təqdim olunur. Zərurət yaranarsa, AzFina sahə üzrə məlumatların əldə edilməsində dəstək göstərməyə, o cümlədən Mərkəzi Bankla dialoqda vasitəçi kimi çıxış etməyə hazırdır.
Öz növbəmizdə AzFina artıq iştirakçı şirkətlərin hesabatlarının toplanması və vahid sahə hesabatının hazırlanması layihəsi üzərində işləyir", - deyə E.Abdullayev bildirib.
Onun sözlərinə görə, belə hesabat dərc edildikdən sonra bazar iştirakçıları və media orqanları ona əlavə göstəricilərin daxil edilməsi ilə bağlı təkliflər irəli sürə biləcəklər.
"Biz bu təklifləri şirkətlərlə müzakirə edəcəyik və müvafiq məlumatları hesabatlara daxil etməyə çalışacağıq. Gələcəkdə AzFina sahə hesabatlarında pul köçürmələri, ödənişlər, tərəfdaşlarla əməkdaşlıq, dövriyyənin həcmi və tranzaksiyaların sayı kimi bazar göstəricilərinə dair məlumatları dərc etməyi planlaşdırır", - deyə o qeyd edib.
