AMB Azərbaycanda Open Finance sisteminin inkişafının növbəti mərhələsinə başlayacaq

İqtisadiyyat Materials 29 İyun 2026 12:07 (UTC +04:00)
AMB Azərbaycanda Open Finance sisteminin inkişafının növbəti mərhələsinə başlayacaq
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) açıq bankçılığın inkişafının növbəti mərhələsinə başlayaraq layihəni "Open Finance" ("Açıq maliyyə") istiqamətində genişləndirəcək.

Trend-in tədbirdəki müxbirinin verdiyi məlumata görə, bunu Bakıda keçirilən "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" tədbirində AMB-nin Ödəniş sistemləri və məhsullarının inkişafı departamenti direktorunun müavini Ramil Mahmudov deyib.

Onun sözlərinə görə, AMB-nin fintex sektoru üçün ən mühüm layihələrindən biri açıq bankçılığın inkişafıdır.

"Biz bir strateji mərhələni başa vurmuşuq və artıq növbəti mərhələ üzərində işləyirik. Layihənin "Open Finance" ("Açıq maliyyə") istiqamətində genişləndirilməsi üzrə işlərə başlanılacaq. Ötən dövrdə Mərkəzi Bank ödəniş sistemləri infrastrukturunun modernləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirib. Proqram-texniki infrastrukturun təkmilləşdirilməsi, dayanıqlığının artırılması və sistemlərin ötürmə qabiliyyətinin yüksəldilməsi üzrə işlər görülüb.

Əməliyyatların həcminin artması bir tərəfdən müsbət göstəricidir, digər tərəfdən isə ödəniş infrastrukturunun fasiləsiz və dayanıqlı fəaliyyətinin təmin olunması baxımından Mərkəzi Bankın üzərinə əlavə məsuliyyət qoyur. Əsas vəzifə ödəniş xidmətləri istifadəçilərinin etimadını itirməməkdir", - deyə o vurğulayıb.

Ramil Mahmudov xatırladıb ki, ötən il qanunvericiliyə edilən dəyişikliklərdən sonra Azərbaycanda QR ödənişləri tətbiq olunub.

"Bu gün Azərbaycanda 100 mindən çox POS-terminal artıq QR ödənişlərini dəstəkləyir. Bu isə bazarda fintex şirkətlərinin də fəal istifadə edə biləcəyi daha əlçatan ödəniş alətinin yaranması deməkdir. QR ödənişlərinin tətbiqi sahibkarlara ödənişləri daha az xərclə qəbul etmək imkanı yaradır, istifadəçilərə isə milli qanunvericiliyin tələblərinə və daxili bazarın ehtiyaclarına tam cavab verən ödəniş aləti təqdim edir.

QR ödənişlərinin populyarlığı bütün dünyada, o cümlədən bank kartlarının geniş yayıldığı ölkələrdə artmaqda davam edir.

Maliyyə baxımından bu alətin maya dəyəri minimaldır", - deyə o bildirib.

O əlavə edib ki, növbəti mərhələdə statik QR kodların tətbiqi həyata keçiriləcək.

"Əvvəlcə bazara dinamik QR kodları çıxardıq, növbəti mərhələ isə statik QR kodların tətbiqi olacaq. Bu, ölkənin ən ucqar yaşayış məntəqələri də daxil olmaqla, demək olar ki, hər yerdə nağdsız ödənişlərin qəbuluna imkan verəcək", - deyə Mahmudov bildirib.

Onun sözlərinə görə, bu, dövriyyədə olan nağd pula tələbatın azalmasına və əhali arasında nağdsız hesablaşma mədəniyyətinin daha da formalaşmasına töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti