Bakı. Trend:
Hazırda “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən tədbirdə 20-dən çox ölkədən 120-dən artıq alim, araşdırmaçı və tədqiqatçı iştirak edir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, onların sırasında nüfuzlu ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının rəhbərləri, rektorlar, eləcə də Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası və Türk Fondunun rəhbərləri yer alırlar:
"Bu gün Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin açılış mərasimi keçirildi. Həftə çərçivəsində panel müzakirələri, elmi sessiyalar, Birinci Türkoloji Qurultaya həsr olunmuş bədii kompozisiyalar, sənədli filmlər, konsert proqramları və digər silsilə tədbirlərin təşkili nəzərdə tutulub. Bununla yanaşı, Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində beynəlxalq elmi konfrans keçiriləcək. Konfransda Türk dünyasının müxtəlif ölkələrindən tanınmış türkoloqların, alimlərin və tədqiqatçıların iştirakı gözlənilir".
Nazir müavini qeyd edib ki, ötən il Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Birinci Türkoloji Qurultayın 100 illiyinin TDT çərçivəsində təntənəli şəkildə qeyd olunması təşəbbüsü ilə çıxış etmişdi:
"Bu təşəbbüs təşkilat tərəfindən dəstəklənərək yekun bəyannamədə
öz əksini tapdı.
Eyni zamanda, Prezident İlham Əliyevin bu il imzaladığı müvafiq
Sərəncama əsasən, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və
Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən yubiley münasibətilə
geniş tədbirlər planı hazırlanıb. İl ərzində yüzə yaxın müxtəlif
istiqamətli tədbirin keçirilməsi nəzərdə tutulur və onların
əksəriyyətinin icrasına artıq başlanılıb.
Tədbirlər çərçivəsində 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultayın stenoqramının yenidən nəşri, həmin dövrdə səsləndirilən məruzə və çıxışların elmi təhlili, qurultayda iştirak etmiş 131 alim, ziyalı və türkoloqun fəaliyyətinin araşdırılması, onların irsinin geniş ictimaiyyətə çatdırılması, eləcə də xüsusi bədii-sənədli filmin hazırlanaraq təqdim edilməsi nəzərdə tutulur".
Nazir müavini, həmçinin vurğulayıb ki, yüz il əvvəl olduğu kimi, bu gün də Bakı Türk dünyasının elm və fikir mərkəzinə çevrilərək dünyanın müxtəlif ölkələrindən gələn türkoloq alimləri bir araya toplayıb:
"Bununla yanaşı, Türk dövlətlərindən gəlmiş rəsmi nümayəndə heyətləri, nazirlər, xüsusilə mədəniyyət nazirləri də tədbirdə iştirak edirlər. Açılış mərasimində şahidi olduğunuz kimi, beş türk dövlətinin başçıları Türk Dünyası Həftəsinin iştirakçılarına təbrik və müraciətlərini ünvanlayaraq bu mötəbər tədbirin əhəmiyyətini xüsusi vurğuladılar".
