Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycanın ödəniş sistemlərini əsas ticarət tərəfdaşları ilə inteqrasiya etməyi planlaşdırır.
Trend-in təbirdəki müxbirinin verdiyi məlumata görə, bunu Bakıda keçirilən "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" tədbirində AMB-nin Ödəniş sistemləri və məhsullarının inkişafı departamenti direktorunun müavini Ramil Mahmudov deyib.
Onun sözlərinə görə, Mərkəzi Bank tərəfindən yaradılmış ekosistem və ödəniş məhsullarından hazırda həm banklar, həm də fintex şirkətləri fəal istifadə edirlər.
"Biz bazarın yeni iştirakçılarını və ödəniş xidməti təminatçılarını operatoru Mərkəzi Bank olan ödəniş sistemlərindən fəal istifadə etməyə dəvət edirik. Artıq bu istiqamətdə müəyyən irəliləyiş var. Azərbaycanda dünya bazarında tələb olunan demək olar ki, bütün müasir ödəniş həlləri tətbiq olunub. Sürətli ödənişlər, hesabdan hesaba köçürmələr və ani ödəniş sistemləri ilə bağlı bütün qlobal trendlər artıq Azərbaycanda reallaşdırılıb", - deyə o vurğulayıb.
R.Mahmudovun sözlərinə görə, dünya təcrübəsində fintex şirkətləri bankların rəqibi kimi deyil, ödəniş infrastrukturunun mühüm elementi kimi qiymətləndirilir.
"Fintexlər dəstəkləyici qüvvədir və ödəniş xidmətləri ilə məhsullarının müştərilərə və ödəniş edənlərə çatdırılmasında əsas rol oynayırlar. Mərkəzi Bank Azərbaycan bankları və fintex şirkətlərinin öz ödəniş həllərini təkcə daxili bazarda deyil, xaricdə də təklif edə bilmələri üçün şərait yaratmağa çalışır. Hazırda sərhədlərarası ödənişlərin inkişafı da daxil olmaqla, ödəniş sistemlərinin inteqrasiyası üzrə bir sıra layihələr həyata keçirilir. İlk növbədə, Azərbaycanın ən fəal ticarət apardığı ölkələr, eləcə də ölkəyə turist axınının yüksək olduğu dövlətlərlə ödəniş sistemlərinin qarşılıqlı inteqrasiyasını təmin etməyi planlaşdırırıq", - deyə R.Mahmudov bildirib.
Onun sözlərinə görə, perspektivdə Azərbaycan ödəniş xidmətləri sahəsində regional və qlobal haba çevrilə bilər.
"Bu, uzunmüddətli prosesdir. Lakin innovasiyaların inkişafı və səmərəli normativ-hüquqi bazanın yaradılması imkanlarımızı əhəmiyyətli dərəcədə genişləndirəcək. Həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda yeni ödəniş məhsulları və xidmətlərinin tətbiqi müvafiq normativ-hüquqi baza və tənzimləmə ilə müşayiət olunmalıdır", - deyə departament direktorunun müavini qeyd edib.
