Visa: CEMEA regionunda nağd ödənişlərin payı 50%-ə enib

İqtisadiyyat Materials 30 İyun 2026 12:47 (UTC +04:00)
Visa: CEMEA regionunda nağd ödənişlərin payı 50%-ə enib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

CEMEA (Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika) regionunda nağd ödənişlərdən istifadə sürətlə azalmaqda davam edir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Parisdə keçirilən Visa Ödəniş Forumu çərçivəsində təşkil olunan məlumat sessiyasında Visa-nın CEMEA regionu üzrə prezidenti Tarek Mahmud deyib.

Onun sözlərinə görə, ödəniş bazarının transformasiyasının əsas göstəricilərindən biri nağd ödənişlərin payının azalmasıdır. COVID-19 pandemiyasından əvvəl regionda əməliyyatların təxminən 70 faizi nağd şəkildə həyata keçirilirdisə, hazırda bu göstərici təxminən 50 faizə enib.

"Regiona ümumi baxsaq, dörd-beş il əvvəl əməliyyatların təxminən 70 faizi nağd ödənişlərin payına düşürdü. Hazırda bu göstərici təxminən 50 faizə enib", - deyə o bildirib.

T.Mahmud qeyd edib ki, rəqəmsal ödənişlərə keçid tempi ölkələr üzrə fərqlənir. Ukrayna və Nigeriya kimi bazarlarda nağd ödənişlərin payı 20 faizdən aşağı düşüb. Misir, Pakistan və bir sıra digər ölkələrdə isə bu göstərici hələ də 60-70 faiz səviyyəsindədir.

Onun sözlərinə görə, nağd ödənişlərin payının azalmasında yerli bazarlarda fəaliyyət göstərən banklar və fintex şirkətləri ilə əməkdaşlıq mühüm rol oynayır.

T.Mahmud Visa-nın regiondakı ödəniş ekosisteminin də genişləndiyini bildirib. Belə ki, son iki ildə Visa kartı sahiblərinin sayı 350 milyondan 480 milyona yüksəlib, son üç ildə isə ödəniş qəbul nöqtələrinin sayı 11 milyondan 21 milyona çatıb.

O əlavə edib ki, regionda rəqəmsal ödənişlərin əsas inkişaf istiqamətlərindən biri tokenizasiya texnologiyasıdır.

Onun sözlərinə görə, tokenizasiya onlayn alış-veriş zamanı və ya bank kartı mobil qurğuya əlavə edilərkən kartın 16 rəqəmli nömrəsini qorunan rəqəmsal identifikatorla əvəz etməyə imkan verir.

"Onlayn alış-veriş etdikdə və ya kartınızı telefona əlavə etdikdə, o, tokenləşdirilir", - deyə o bildirib.

T.Mahmud qeyd edib ki, bu texnologiya ödənişlərin təhlükəsizliyini artırır. Belə ki, token komprometasiya olunduğu halda onu asanlıqla bloklamaq mümkündür. Bundan əlavə, tokenizasiya istifadəçilərin hər dəfə kart məlumatlarını yenidən daxil etməsi və ya ödəniş zamanı fiziki kartdan istifadə etməsi zərurətini aradan qaldıraraq ödəniş prosesini daha rahat edir.

Xəbər lenti

Xəbər lenti