Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək

Cəmiyyət Materials 30 İyun 2026 13:32 (UTC +04:00)
Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Azad olunmuş ərazilərə köçürülən, dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilən və ya təklif olunan mənzildən imtina edən şəxslərin məcburi köçkün statusu ləğv edilir və onlar 3 il müddətində sosial müdafiə tədbirləri ilə əhatə olunacaqlar.

Bu barədə deputat Vüqar Bayramov özünün "Facebook" hesabında paylaşım edib.

O bildirib ki, “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Qanuna təklif olunan dəyişikliklər Milli Məclisin bu günki plenar iclasında üçüncü oxunuşda qəbul olunub:

"Hazırda keçmiş məcburi köçkünlər üçün hansı güzəştlər nəzərdə tutulubsa, onlar dövlət tərəfindən mənzillə təmin olunduqdan sonra 3 il müddətində həmin güzəştlərdən istifadə edə biləcək. Nazirlər Kabinetinin qaydalarına əsasən, məcburi köçkün statusu və müavinət almaq hüququ olan bir ailə üzvünə görə aylıq 60 manat məbləğində ödəniş həyata keçirilir. Eyni zamanda, keçmiş məcburi köçkün ailələrinin övladları dövlət universitetlərinə ödənişli əsaslarla qəbul olunduqda onların təhsil haqları dövlət tərəfindən qarşılanır. Bundan başqa, bir sıra rüsumlar üzrə də güzəştlər mövcuddur".

Vüqar Bayramov qeyd edib ki, yeni dəyişikliklərə əsasən, həmin güzəştlər və sosial dəstək mexanizmləri mənzillə təmin olunduqdan sonra da üç il ərzində qüvvədə qalacaq:

"Eyni zamanda, məsələn, keçmiş məcburi köçkün ailəsinin övladı universitetə daxil olan zaman güzəşt hüququna malikdirsə, onun təhsil müddəti 3 ildən artıq olsa belə, bu hüquq bütün təhsil dövrünü əhatə edəcək. Yəni tələbə universitetə qəbul olarkən güzəşt hüququna sahibdirsə, həmin hüquq onun bütün təhsil müddəti ərzində qüvvədə qalacaq.

Son dəyişikliklər dövlətin keçmiş məcburi köçkünlərə göstərdiyi sosial dəstəyin davamlı xarakter daşıdığını nümayiş etdirir. Bu addım onu göstərir ki, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıtdıqdan və dövlət tərəfindən mənzillə təmin olunduqdan sonra da müəyyən müddət ərzində sosial qayğı ilə əhatə olunacaqlar".

Xəbər lenti

Xəbər lenti