Bakı. Trend:
CEMEA (Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika) regionunda steyblkoinlərlə hesablaşmaların həcmi son 12 ayda 60 dəfə artıb. Visa-nın hesablaşma infrastrukturunda steyblkoinlərdən istifadə sürətlə genişlənir və qlobal illik hesablaşma həcmi 7 milyard ABŞ dollarına çatıb.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Parisdə keçirilən Visa Ödəniş Forumu çərçivəsində təşkil olunan məlumat sessiyasında Visa-nın CEMEA regionu üzrə məhsullar və həllər istiqamətinin rəhbəri, baş vitse-prezidenti Qodfri Sallivan deyib.
Onun sözlərinə görə, şirkət steyblkoinləri qlobal ekosisteminə fəal şəkildə inteqrasiya edir və CEMEA regionundakı tərəfdaşları ilə birlikdə Visa infrastrukturu vasitəsilə rəqəmsal aktivlərlə hesablaşmaların aparılmasına imkan yaradır.
O bildirib ki, cari ilin aprel ayının sonuna olan məlumata əsasən, steyblkoinlərlə hesablaşmaların illik həcmi təxminən 7 milyard ABŞ dollarına çatıb ki, bu da texnologiyanın geniş tətbiq olunduğunu göstərir.
"Biz steyblkoinləri ekosistemimizə fəal şəkildə inteqrasiya edirik və CEMEA regionundakı tərəfdaşlarımızla işləyirik ki, onlar Visa vasitəsilə steyblkoinlərdən istifadə etməklə hesablaşmalar apara bilsinlər. Qlobal səviyyədə illik hesablaşma həcmi təxminən 7 milyard ABŞ dollarına çatıb", - deyə o bildirib.
Q.Sallivan qeyd edib ki, Visa hazırda Ethereum, Solana və Coinbase tərəfindən yaradılmış Base daxil olmaqla doqquz blokçeyn şəbəkəsi ilə işləyir.
Onun sözlərinə görə, steyblkoinlərdən istifadə bank sektoru üçün mühüm üstünlüklər yaradır. Bu texnologiya transsərhəd ödənişləri sürətləndirir, müxbir bankların komissiyalarını azaldır və hesablaşmaların ani həyata keçirilməsi sayəsində girov təminatına olan tələbatı minimuma endirir.
"Bu, banklara əməliyyatları daha sürətli və daha aşağı xərclərlə həyata keçirməyə imkan verir, eyni zamanda hesablaşmalar ani baş verdiyi üçün təminat tələblərini azaldır", - deyə o vurğulayıb.
Visa nümayəndəsi əlavə edib ki, şirkət son bir ildə CEMEA regionunda steyblkoinlərlə hesablaşmaların həcminin 60 dəfə artdığını müşahidə edir və texnologiyanın geniş tətbiqi üçün bazar iştirakçıları ilə tərəfdaşlığını genişləndirir.
O bildirib ki, mərkəzi banklar da steyblkoinlərə və kriptoaktivlərə nəzarət olunan mühitdə, etibarlı banklar və Visa infrastrukturu vasitəsilə rəqəmsal hesablaşmaların sınaqdan keçirilməsi üçün praktik alət kimi maraq göstərirlər.
Q.Sallivanın sözlərinə görə, şirkət bu istiqamətdə bir sıra mərkəzi banklar və bazarlarla danışıqlar aparır.
Visa həmçinin tərəfdaş ekosistemini genişləndirir. Belə ki, təxminən 160 rəqəmsal pul kisəsi və kriptobirja proqramı istifadəçilərə dünyanın 175 milyon ticarət nöqtəsində steyblkoin və kriptovalyutalar vasitəsilə ödəniş etməyə imkan verir.
Onun sözlərinə görə, bununla da rəqəmsal aktivlər tədricən ənənəvi maliyyə sisteminə inteqrasiya olunur və banklar, fintex şirkətləri, ticarət müəssisələri və son istifadəçilər üçün daha sürətli və əlçatan ödəniş imkanları yaradır.
