Bakı. Trend:
Smartfon ödənişlərin qəbulu və göndərilməsi üçün əsas platformaya çevrilir.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Parisdə keçirilən Visa Ödəniş Forumu çərçivəsində təşkil olunan məlumat sessiyasında Visa-nın CEMEA regionu üzrə kommersiya və pul həlləri istiqamətinin rəhbəri, baş vitse-prezidenti Şahebaz Xan deyib.
Onun sözlərinə görə, şirkət həm ödənişlərin qəbulunu, həm də göndərilməsini sadələşdirən həllər paketi hazırlayaraq smartfonu universal maliyyə əməliyyatları alətinə çevirir.
O bildirib ki, istifadəçilərin əksəriyyəti artıq maliyyə əməliyyatlarını mobil qurğular vasitəsilə idarə etməyə öyrəşib. Bununla yanaşı, ödənişlərin qəbulundakı ənənəvi maneələr kiçik biznes üçün əsas məhdudiyyətlərdən biri olaraq qalır.
"Biz telefon və Visa kartı ətrafında elə həllər yaradırıq ki, onların vasitəsilə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə ödəniş qəbul etmək və vəsait göndərmək mümkün olsun", - deyə o bildirib.
Ş.Xan qeyd edib ki, əsas diqqət Tap to Phone və Visa Accept texnologiyaları vasitəsilə ödəniş qəbulunda maneələrin aradan qaldırılmasına yönəlib. Bu həllər smartfondan tamfunksiyalı ödəniş terminalı kimi istifadə etməyə imkan verir.
Onun sözlərinə görə, ənənəvi POS-terminallar bahalı olduğundan və kiçik ticarət obyektləri üçün hər zaman iqtisadi cəhətdən sərfəli sayılmadığından rəqəmsal ödənişlərin inkişafını məhdudlaşdırır.
"Biz faktiki olaraq hər bir smartfonu ödəniş qəbul edən qurğuya çeviririk", - deyə Ş.Xan vurğulayıb.
O, sosial şəbəkələrdə fəaliyyət göstərən fərdi satıcılar da daxil olmaqla mikro və nano sahibkarları misal çəkərək bildirib ki, onlar mürəkkəb infrastruktur yaratmadan Visa Accept vasitəsilə ödəniş qəbul etməyə başlaya bilərlər.
Ş.Xanın sözlərinə görə, bu istifadəçilər həm smartfon vasitəsilə fiziki satış nöqtəsində, həm də müştərilərə göndərilən ödəniş keçidləri (payment links) vasitəsilə məsafədən ödəniş qəbul edə bilirlər.
O qeyd edib ki, Visa Accept bank tətbiqi üzərindən qısa müddətdə ticarət subyekti kimi qeydiyyatdan keçməyə imkan verir. İlkin mərhələdə əməliyyat limitləri müəyyən edilir və biznes inkişaf etdikcə bu limitlər artırıla bilər.
"Biznes böyüdükcə maliyyə institutları bu istifadəçiləri tamhüquqlu ticarət subyektləri kateqoriyasına keçirə və onlara tam hesablaşma imkanları təqdim edə bilərlər", - deyə o bildirib.
Şirkətin məlumatına görə, Tap to Phone və Visa Accept həlləri birlikdə rəqəmsal ödəniş qəbul edən satıcıların sayını, o cümlədən əvvəllər qeyri-rəsmi fəaliyyət göstərən iqtisadi subyektlər hesabına əhəmiyyətli dərəcədə artırmaq potensialına malikdir.
Ş.Xan əlavə edib ki, Visa-nın digər əsas həllərindən biri olan Visa Direct platforması bank hesablarına, ödəniş kartlarına və rəqəmsal pul kisələrinə qlobal Visa şəbəkəsi vasitəsilə vəsait köçürməyə imkan verir.
Onun sözlərinə görə, platforma milyardlarla ödəniş qəbul nöqtəsini əhatə edir, onlarla valyutada və dünyanın 200-ə yaxın ölkəsində əməliyyatları dəstəkləyərək biznes və fərdi istifadəçilər üçün sürətli köçürmələri təmin edir.
