Paris. Trend:
Azərbaycan regionda elmi nəşrlərin artım tempinə görə ən yüksək göstəricilərdən birini nümayiş etdirir.
Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, bunu IX ADA Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı Honq Konq Pedaqoji Universitetinin Təhsil Siyasəti və Liderlik kafedrasının assistent professoru Yusuf Orbaç deyib.
«Azərbaycan maraqlı tarixi olan ölkədir. Görürük ki, son iki-üç ildə burada elmi nəşrlərin sayı çox sürətlə artır. Qafqaz və Mərkəzi Asiya ölkələrini müqayisə etdikdə, Azərbaycan çox inamlı artım nümayiş etdirir. Bu isə ölkədə elmi tədqiqatların inkişafı istiqamətində mühüm proseslərin getdiyini göstərir», - deyə o bildirib.
Orbaçın sözlərinə görə, bir çox inkişaf etməkdə olan ölkələr universitetlərin yalnız təhsil deyil, həm də tədqiqat funksiyasını yerinə yetirməsi üçün elmi araşdırmaların və nəşrlərin həcmini artırmağa çalışır.
«Bir çox inkişaf etməkdə olan ölkələrdə universitetlər əsasən tədrisə fokuslanaraq müəyyən mənada “ali məktəb” kimi fəaliyyət göstərirlər. Halbuki ali təhsil üç əsas funksiyanı yerinə yetirməlidir: tədris, tədqiqatlar vasitəsilə yeni biliklərin yaradılması və cəmiyyətə xidmət. Təəssüf ki, tədqiqat komponentinə çox vaxt lazım olduğu qədər diqqət ayrılmır», - deyə o qeyd edib.
Ekspert vurğulayıb ki, təhsil infrastrukturunun inkişafı ilə paralel olaraq universitetlər yeni biliklərin yaradılmasına daha çox diqqət yetirməlidirlər. Çünki tədqiqatlar ali təhsil sisteminin inkişafının əsas amillərindən biridir.
«İnkişaf etməkdə olan ölkələr elmi məhsuldarlığın və nəşrlərin sayının artırılmasına fəal şəkildə investisiya qoymağa başlayıblar. Bu, universitetlərin yalnız tədrislə məşğul olduğu modeldən uzaqlaşmaq cəhdidir. Universitetlər inkişaf etdikcə, tədqiqatlar da tədrislə yanaşı daha mühüm yer tutmalıdır», - deyə Orbaç əlavə edib.
Onun sözlərinə görə, generativ süni intellekt bu dəyişiklikləri sürətləndirə bilər, lakin onun istifadəsi məsuliyyətli yanaşma tələb edir.
«Generativ süni intellekt bir çox prosesləri sürətləndirir. Lakin onun məhz hansı prosesləri sürətləndirdiyini və necə idarə olunmalı olduğunu başa düşmək vacibdir. Təhsil sistemində bu texnologiyalardan necə istifadə etdiyimizə xüsusi diqqət yetirməliyik», - deyə ekspert vurğulayıb.
