Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın da daxil olduğu 16 ölkəni əhatə edən gender bərabərliyinin özəl sektor vasitəsilə təşviqinə yönəlmiş layihə təklif edib.
Bu barədə bankın rəsmi səhifəsində yerləşdirilən məlumatda deyilir.
Məlumata görə, Texniki Yardım üzrə Xüsusi Fond (Technical Assistance Special Fund) çərçivəsində təşəbbüsün həyata keçirilməsi üçün 900 min ABŞ dolları məbləğində maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur.
Layihədə Ermənistan, Azərbaycan, Banqladeş, Butan, Kamboca, Gürcüstan, Hindistan, Laos, Maldiv adaları, Monqolustan, Nepal, Tacikistan, Türkiyə, Özbəkistan, Vyetnam və Şərqi Timor iştirak edir.
Bankın məlumatında qeyd olunur ki, texniki yardım özəl sektor əməliyyatlarında gender bərabərliyi üzrə nəticələrin gücləndirilməsinə yönəlib. Layihə gender yönümlü təhlillərin, layihələrin hazırlanması və icrasının təkmilləşdirilməsini, təcrübə mübadiləsini, həmçinin müxtəlif ölkələrdə və sektorlarda tətbiq oluna biləcək biznes və maliyyə modellərinin hazırlanmasını nəzərdə tutur.
Təşəbbüsün əsas məqsədi AİB-nin özəl sektor portfelində və əməliyyatlarında gender yönümlü biznes və maliyyə modellərinin tətbiqinin genişləndirilməsi, layihələrin hazırlanma keyfiyyətinin artırılması, tərəfdaşların potensialının gücləndirilməsi və effektiv yanaşmalar üzrə praktiki bilik bazasının formalaşdırılmasıdır.
Bildirilir ki, layihə üç əsas istiqaməti əhatə edir: özəl sektor üçün gender yönümlü biznes və maliyyə modellərinin hazırlanması və tətbiqi, tərəfdaşların və müştərilərin bu sahədə potensialının artırılması, eləcə də gender bərabərliyinin təşviqi üçün biliklərin, qiymətləndirmə mexanizmlərinin və təlim proqramlarının inkişafı.
Xatırladaq ki, AİB-nin baş investisiya mütəxəssisi Əli Malik daha əvvəl Trend-ə müsahibəsində bankın Azərbaycanın maliyyə və aqrar sektorları ilə əməkdaşlıq etdiyini və bu istiqamətdə fəaliyyətini genişləndirməkdə maraqlı olduğunu bildirmişdi.
Onun sözlərinə görə, AİB xüsusilə bərpa olunan enerji və tullantı sularının təmizlənməsi sahələrində özəl sektorun maliyyələşdirilməsi üçün böyük potensial görür.
«Azərbaycanın kredit reytinqinin yüksəlməsi AİB üçün ölkədə kreditlərin verilməsi və investisiyaların artırılması baxımından yeni imkanlar yaradıb», - deyə Əli Malik vurğulayıb.
