ABŞ Ali Məhkəməsi Trampa qarşı verilən qərarı qüvvədə saxlayıb

Dünya xəbərləri Materials 30 İyun 2026 04:16 (UTC +04:00)
ABŞ Ali Məhkəməsi Trampa qarşı verilən qərarı qüvvədə saxlayıb

Bakı. Trend:

ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın jurnalist Elizabet Cin Kerrollun cinsi qısnama iddiası ilə bağlı iş üzrə verdiyi apellyasiya şikayətinə baxmaqdan imtina edib. Bununla da aşağı instansiya məhkəməsinin Trampın məsuliyyət daşıdığına dair qərarı qüvvədə qalıb.

Söhbət 2023-cü ilin mayında yekunlaşan məhkəmə prosesindən gedir. Həmin qərara əsasən, Donald Tramp Elizabet Cin Kerrolla 5 milyon dollar məbləğində təzminat ödəməyə məhkum edilmişdi.

Bundan əlavə, 2024-cü ilin yanvarında keçirilən digər məhkəmə prosesində andlılar heyəti Trampın böhtan ittihamı üzrə Kerrolla 83,3 milyon dollar ödəməsi barədə qərar çıxarmışdı. Həmin qərarla bağlı federal apellyasiya məhkəməsinə müraciət edilib. ABŞ Ali Məhkəməsi isə ilk iş üzrə apellyasiya şikayətini qəbul etməməsinin səbəblərini açıqlamayıb.

Məlumata görə, ABŞ Ədliyyə Nazirliyi may ayında Elizabet Cin Kerroll barəsində araşdırmaya başlayıb. Araşdırma onun Donald Trampa qarşı iddiaları zamanı yalan ifadə vermiş ola biləcəyi ehtimalı ilə əlaqədardır. Bildirilir ki, Kerroll 2022-ci ildə məhkəmə iddiasını qaldırmaq üçün kənar maliyyə dəstəyi almadığını bəyan etsə də, sonradan milyarder Rid Hoffmanın onun hüquqi xərclərinin bir hissəsini qarşıladığı üzə çıxıb.

Kerroll iddia edir ki, Donald Tramp onu 1996-cı ildə Nyu-Yorkdakı mağazalardan birində cinsi zorakılığa məruz qoyub. Andlılar heyəti zorlama faktını təsdiqləməsə də, Trampı cinsi qısnamada təqsirli hesab edib. Donald Tramp və vəkilləri isə ittihamların siyasi motiv daşıdığını bildirirlər. ABŞ prezidenti "Truth Social" sosial şəbəkəsindəki paylaşımında Kerrollu demək olar ki, tanımadığını və iddianın siyasi məqsədlərlə irəli sürüldüyünü bəyan edib.

Xəbər lenti

Xəbər lenti