Bakı. Trend:
Silk Way West Airlines, Xəzər regionu və Mərkəzi Asiyanın aparıcı yük aviaşirkəti, Şanxayda keçirilən Air Cargo China 2026 sərgisi çərçivəsində CargoAi ilə rəqəmsal tərəfdaşlıq sazişi imzalayıb. Bu əməkdaşlıq aviaşirkətin rəqəmsal transformasiya prosesində növbəti mühüm addım kimi qiymətləndirilir.
Saziş Silk Way West Airlines şirkətinin prezidenti Volfqanq Mayer və CargoAi şirkətinin təsisçisi və baş icraçı direktoru Matye Peto tərəfindən imzalanıb. Tərəfdaşlıq hər iki şirkətin qlobal hava yükdaşıma sənayesində rəqəmsal transformasiyanı sürətləndirmək və bazar iştirakçıları arasında əməkdaşlığı daha da gücləndirmək istiqamətində ortaq məqsədlərini əks etdirir.
Tərəfdaşlıq çərçivəsində Silk Way West Airlines öz xidmətlərini CargoAi-yın rəqəmsal platformasına inteqrasiya edəcək. Bu inteqrasiya sayəsində dünyanın müxtəlif ölkələrindən olan ekspeditorlar aviaşirkətin geniş gövdəli yük təyyarələrinin daşıma imkanlarına daha rahat və səmərəli çıxış əldə edəcəklər. İnteqrasiya tariflərin daha şəffaf təqdim olunmasına imkan verəcək, növbəti mərhələdə isə CargoAi platforması vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarının istifadəyə verilməsi nəzərdə tutulur.
Əməkdaşlıq ekspeditorlara mövcud daşıma imkanlarını asanlıqla araşdırmağa və səmərəli, şəffaf rəqəmsal proses vasitəsilə Silk Way West Airlines-in qlobal marşrut şəbəkəsinə çıxış əldə etməyə imkan verəcək. Bu təşəbbüs eyni zamanda aviaşirkətin müştəri təcrübəsini davamlı şəkildə təkmilləşdirmək və beynəlxalq bazarlarda yükdaşıma xidmətlərindən istifadə imkanlarını genişləndirmək məqsədinə xidmət edir.
Müasir yük təyyarələri parkına malik olan Silk Way West Airlines Bakıdakı strateji mövqeyə malik habı vasitəsilə Avropa, Asiya, Yaxın Şərq və Amerika qitəsinin əsas bazarlarını birləşdirir. CargoAi ilə tərəfdaşlıq aviaşirkətin rəqəmsal distribusiya imkanlarını gücləndirəcək və müştərilərin onun qlobal yükdaşıma həllərindən rahat istifadə etməsinə şərait yaradacaq.
“CargoAi ilə tərəfdaşlıq rəqəmsal transformasiya yolumuzda mühüm addımdır”, — deyə Silk Way West Airlines-in prezidenti Volfqanq Mayer bildirib. “Rəqəmsal bronlaşdırma imkanlarını genişləndirməklə biz ekspeditorlara mövcud daşıma imkanları barədə aydın məlumat, uyğun yükdaşıma həllərini operativ şəkildə tapmaq imkanı və qlobal şəbəkəmiz üzrə Silk Way West Airlines ilə rahat əməkdaşlıq təcrübəsi təqdim etməyi hədəfləyirik. Bu əməkdaşlıq müştərilərimiz üçün əlavə dəyər yaradan və hava yükdaşıma sənayesinin davamlı inkişafını dəstəkləyən innovativ həllərin tətbiqinə sadiqliyimizi əks etdirir.”
“Silk Way West Airlines-ı CargoAi-in rəqəmsal ekosistemində salamlamaqdan məmnunuq”, — deyə CargoAi-in təsisçisi və baş icraçı direktoru Matye Peto bildirib. “Aviaşirkətin qlobal marşrut şəbəkəsi və geniş gövdəli yük təyyarələri ekspeditorlara etibarlı yükdaşıma həllərindən istifadə üçün yeni imkanlar yaradacaq. Biz Silk Way West Airlines-in xidmətlərini dünya üzrə müştərilər üçün daha səmərəli, şəffaf və rəqəmsal mühitdə əlçatan etməsinə dəstək göstərməkdən məmnunuq. ”
Silk Way West Airlines-in xidmətlərinin CargoAi platforması üzərindən rəqəmsal bronlaşdırılması növbəti mərhələdə istifadəyə veriləcək. Əlavə məlumat Silk Way West Airlines və CargoAi-in rəsmi veb-saytları və sosial media kanalları vasitəsilə elan olunacaq.
Silk Way West Airlines haqqında
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines şirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanındakı Boeing 777F, 747-8F və 747-400F yük təyyarələrindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərlə uçuş həyata keçirir. Davamlılıq və səmərəlilik prinsiplərinə sadiq qalan Silk Way West Airlines 2030-cu ilə qədər donanmasını müasir Boeing 777F, Boeing 777-8F və Airbus A350F təyyarələri ilə yeniləməyi planlaşdırır. Aviaşirkət Avropa, MDB, Yaxın Şərq, Asiya və Amerika qitələrində 40-dan çox istiqamətə yükdaşıma xidmətləri göstərərək, illik 500 000 tondan artıq yük dövriyyəsini idarə edir.
CargoAi haqqında
CargoAi hava yükdaşıma sənayesində ən sürətlə inkişaf edən rəqəmsal platformalardan biri olaraq innovativ həllər vasitəsilə yükdaşımaların rəqəmsallaşdırılmasına töhfə verir. Sənaye ekspertləri tərəfindən idarə olunan şirkət satınalma, ödəniş və dayanıqlılıq proseslərini sadələşdirən kompleks rəqəmsal həllər təqdim edir.
CargoAi qabaqcıl texnologiyalar, effektiv icra mexanizmləri və yükdaşıma sənayesinin rəqəmsal transformasiyasına yönəlmiş strateji yanaşmanı bir araya gətirir. CargoWALLET həlli vasitəsilə şirkət 150-dən çox ölkədə və 47 valyutada təhlükəsiz və ani ödənişləri təmin edən rəqəmsal ödəniş platformasını təqdim edir.
2025-ci ildə CargoAi hava yükdaşımalarının rəqəmsallaşdırılması sahəsində liderliyi və innovativ yanaşmasına görə Air Cargo Week tərəfindən “İlin Həll Təchizatçısı” mükafatına layiq görülüb. Şirkət həmçinin hava yükdaşıma sənayesinin rəqəmsal transformasiyası üçün vahid həllər platforması yaratmağı hədəfləyən CargoTech-in üzvüdür.
CargoAi-in baş ofisi Sinqapurda yerləşir, şirkətin əməkdaşları isə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərirlər.
Əlavə məlumat üçün: www.cargoai.co
