Bakı. Trend:
Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi rəqəmsal transformasiya ardıcıl şəkildə həyata keçirilir.
Bunu Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
"Prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı Fərmanla Rəqəmsal İnkişaf Şurasının yaradılıb və “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiqlənib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Şurada müəyyən edilmiş strateji prioritetlərə və verilmiş tapşırıqlara uyğun olaraq müasir qanunvericilik bazasının formalaşdırılması istiqamətində kompleks islahatlar hazırlanıb", - deyə Şahmar Mövsümov qeyd edib.
Şahmar Mövsümov vurğulayıb ki, bu, postsovet məkanında rəqəmsal ekosistemin inkişafı və tənzimlənməsi istiqamətində həyata keçirilən ən əhatəli və fundamental islahat təşəbbüsüdür.
Şahmar Mövsumov islahatın əhatə etdiyi sahələrə toxunaraq bildirib ki, bunlar hüquqi müəyyənliyin təmini, rəqabətqabiliyyətli vergi mühitinin formalaşdırılması, innovasiyaların maliyyələşdirilməsi, elmi-tədqiqat və innovasiya təşviqləri, istedadların cəlb edilməsi, bazara çıxış imkanlarının genişləndirilməsi və kibertəhlükəsizlik sahəsində tənzimləmənin təkmilləşdirilməsidir.
Prezidentin köməkçisi bu islahatların mühüm cəhətlərindən biri kimi onların dünya təcrübəsinə əsaslandığını, dəyişikliklər hazırlanarkən müxtəlif ölkələrin uğurlu modellərinin öyrənildiyini qeyd edib.
