Qarabağın alimləri qəbul etməsi mədəni dirçəlişin göstəricisidir - Nazir müavini

Cəmiyyət Materials 29 İyun 2026 16:54 (UTC +04:00)
Qarabağın alimləri qəbul etməsi mədəni dirçəlişin göstəricisidir - Nazir müavini
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağın Türk dünyasının alim və ziyalılarını qəbul etməsi Azərbaycanın mədəni dirçəlişinin mühüm göstəricilərindən biridir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsi çərçivəsində keçirilən “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” adlı beynəlxalq konfransda bildirib.

Səadət Yusifovanın sözlərinə görə, Türk Dünyası Həftəsi çərçivəsində Qarabağda keçiriləcək tədbirlər də xüsusi rəmzi məna daşıyır və uzun illər işğal altında qalmış ərazilərimizdə mədəni həyat yenidən canlanır, tarixi abidələr bərpa olunur, yeni elm və təhsil ocaqları fəaliyyətə başlayır:

"Həftə çərçivəsində panel müzakirələri, sərgilər, təqdimatlar və mədəni proqramlar yalnız yubiley xarakteri daşımır, həm də türkoloji irsin müasir dövrün elmi yanaşmaları əsasında yenidən dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu gün burada toplaşmağımız Türk dünyasının ortaq tarixi yaddaşının, mədəni birliyinin və elmi əməkdaşlıq ənənələrinin davamlılığının bariz ifadəsidir.

Azərbaycan bu mühüm yubiley tədbirinə ev sahibliyi etməklə Türk dünyasının elmi və mədəni inteqrasiyasına verdiyi töhfəni bir daha nümayiş etdirir.

Tarixdə elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır. 1926-cı ildə Bakıda keçirilmiş və türk xalqlarının elmi-mədəni tarixində, milli kimliyinin dərk edilməsində dönüş nöqtəsi olan Birinci Türkoloji Qurultay da belə hadisələrdəndir. Qurultay dil, ədəbiyyat, tarix və mədəniyyət məsələlərinin sistemli şəkildə müzakirə olunduğu ilk beynəlxalq elmi platforma kimi türk dünyasında müasir ortaq elmi düşüncənin formalaşmasına təkan vermişdir. Qurultay türk xalqları arasında mədəni və elmi yaxınlaşmanın ideya əsaslarını möhkəmləndirərək gələcək əməkdaşlıq üçün strateji yol xəritəsinə çevrilib".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti