Bakı. Trend:
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda bərpa olunan enerji layihələrində iştirak perspektivlərini nəzərdən keçirir.
Bunu Trend-ə eksklüziv müsahibəsində Bakıda keçiriləcək QDTİB-nin İllik Toplantısı və Biznes Forumu ərəfəsində bankın prezidenti Serhat Köksal deyib.
O bildirib ki, QDTİB Azərbaycanın dayanıqlı inkişaf prioritetlərini, o cümlədən yaşıl keçid gündəliyini dəstəkləməyə sadiqdir.
"Hazırda Bank bərpa olunan enerji sektoru və əlaqəli istiqamətlərdə QDTİB-nin maliyyələşdirməsinin əlavə dəyər yarada biləcəyi imkanları fəal şəkildə araşdırır. Biz, həmçinin, elektrik şəbəkələrinin modernləşdirilməsi və rəqəmsallaşdırılması kimi istiqamətlər də daxil olmaqla, Azərbaycanın enerji infrastrukturuna mümkün dəstək məsələsini müzakirə edirik. Bunlar təkcə Azərbaycan üçün deyil, bütün region üçün mühüm prioritetlərdir. Çünki ölkələr enerji sistemlərinin dayanıqlığını, səmərəliliyini və ekoloji cəhətdən təmizliyini artırmağa çalışırlar. Bir sıra istiqamətlər üzrə müzakirələr artıq irəliləyib və müvafiq prosedurlar tamamlandıqdan, zəruri razılaşmalar əldə edildikdən sonra əlavə məlumatı paylaşacağımıza ümid edirik", - deyə S.Köksal bildirib.
Qeyd edək ki, QDTİB Azərbaycanda şaxələndirilmiş investisiya portfelini qoruyur və maliyyələşdirmə əsasən maliyyə və enerji sektorlarında cəmləşib. Bankın son məlumatına əsasən, 2026-cı il mayın 31-nə imzalanmış portfeldə ən böyük pay maliyyə institutlarının payına düşür (49,37 faiz), onları enerji sektoru (35,88 faiz) izləyir. Digər investisiya istiqamətləri sırasında daşınmaz əmlak (7,04 faiz), gündəlik istehlak malları (3,99 faiz), eləcə də istehlak malları və xidmətləri sektoru üzrə layihələr (3,72 faiz) yer alır.
2026-cı il mayın sonuna olan məlumata görə, bank ümumi dəyəri 442,7 milyon avro olan 45 əməliyyatı təsdiqləyib. Ümumilikdə 434,3 milyon avro məbləğində 46 əməliyyat imzalanıb, maliyyələşdirmə isə 42 əməliyyat üzrə həyata keçirilib. Mənimsənilmiş vəsaitin ümumi həcmi təxminən 693,1 milyon avroya çatıb.
