Bakı. Trend:
İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində Bakıda "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfrans keçirilib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, konfransda çıxış edən Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, Dövlət Komissiyasının katibi Şərafət Həsənov bildirib ki, hazırda Ermənistanın hərbi təcavüzü nəticəsində 4 010 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır. O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan axtarış və ekshumasiya işləri nəticəsində 32 kütləvi məzarlıq aşkarlanıb, 327 nəfərin şəxsiyyəti genetik üsullarla müəyyən edilib və bu istiqamətdə ICMP ilə əməkdaşlıq davam etdirilir.
Xarici işlər nazirinin müavini Elnur Məmmədov itkin düşmüş şəxslər məsələsinin davamlı sülhün təmin olunmasının əsas şərtlərindən biri olduğunu vurğulayaraq, Azərbaycanın humanitar prinsiplərə sadiq qaldığını, 2020-ci ildən etibarən 2 mindən çox erməni hərbçisinin qalıqlarını qarşı tərəfə təhvil verdiyini bildirib. O, həmçinin Bakı Dialoqunun beynəlxalq humanitar əməkdaşlıq üçün mühüm platformaya çevrildiyini qeyd edib.
ICMP-nin baş direktoru Katrin Bomberqer Azərbaycan ilə Ermənistan arasında əlaqələrin inkişafını və sülh istiqamətində əldə olunan irəliləyişləri müsbət qiymətləndirib. O, dövlət qurumları arasında koordinasiyanın, qanunvericiliyin təkmilləşdirilməsinin və itkin ailələrinin hüquqlarının qorunmasının problemin həllində əsas amillərdən olduğunu vurğulayıb.
DTX-nin Hərbi-tibb baş idarəsinin rəisi Rüfət Əliyev bildirib
ki, Genetik Araşdırmalar Mərkəzində indiyədək 327 itkin şəxsin
genetik identifikasiyası həyata keçirilib. Onun sözlərinə görə,
beynəlxalq standartlara uyğun fəaliyyət göstərən laboratoriyanın
imkanları və ICMP ilə əməkdaşlıq identifikasiya prosesinin
səmərəliliyini artırır.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya
Birliyinin direktoru Ədalət Həsənov isə işğaldan azad edilmiş
ərazilərdə aşkar olunan insan qalıqlarının məhkəmə-tibbi
ekspertizasının beynəlxalq standartlara uyğun aparıldığını, yaxın
vaxtlarda Məhkəmə Antropologiyası şöbəsinin yaradılmasının nəzərdə
tutulduğunu və növbəti günlərdə daha bir neçə itkin şəxsin
qalıqlarının ailələrinə təhvil veriləcəyini diqqətə çatdırıb.
O qeyd edib ki, indiyədək 454 şəxsə aid sümük qalıqları üzərində aparılan ekspertiza zamanı sümük və diş nümunələri götürülərək şəxsiyyətin DNT əsasında identifikasiyası üçün Dövlət Təhlükəsizliyi Xidmətinin Genetik Araşdırmalar Mərkəzinə göndərilib.
Konfrans çərçivəsində itkin düşmüş şəxslərin axtarışı, genetik identifikasiya, məhkəmə ekspertizası, beynəlxalq hüquq normaları və dövlətlərarası əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işlər müzakirə olunub, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
