Dövlət büdcəsinin neftdən asılılığının azaldılması prioritetdir - Maliyyə naziri

İqtisadiyyat Materials 30 İyun 2026 11:32 (UTC +04:00)
Dövlət büdcəsinin neftdən asılılığının azaldılması prioritetdir - Maliyyə naziri
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Son illər ölkəmizdə aparılan ardıcıl islahatlar qeyri-neft sektorunun davamlı inkişafını şərtləndirib. Hesabat dövründə qeyri neft-qaz sektoru üzrə ÜDM 92,3 milyard manat təşkil etməklə, ümumi ÜDM-in 71,5 faizinə bərabər olub. Bu 2024-cü illə müqayisədə 2,7 faiz real artım deməkdir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, icmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2 faizə, qeyri-neft vergilərinin payı isə 25 faizə çatmışdır ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 2,8 faiz-bəndi və 2 faiz bəndi çoxdur.

“Dövlət büdcəsinin qeyri-neft gəlirlərinin ümumi daxilolmalardakı xüsusi çəkisi son 5 ildə 43,3 faizdən 52 faizə yüksəlib. 2026-cı ilin dövlət büdcəsində qeyri-neft gəlirlərinin xüsusi çəkisinin 57,4 faizə çatdırılması nəzərdə tutulur.

Həmçinin qeyd edilməlidir ki, hesabat dövründə cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbəti 92 faiz təşkil edib. Bu, proqnozla müqayisədə 7.5 faiz-bəndi, 2024-cü illə müqayisədə isə 0,2 faiz-bəndi çoxdur.

Bildirmək istərdim ki, ortamüddətli dövrün sonuna, yəni 2029-cu ilə hədəfimiz bu göstəricinin 100 faizə çatdırılmasıdır.

Qeyd olunan göstəricilərin dinamikası qeyri-neft sektorunun inkişafının və dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılmasının dövlətin əsas prioritet istiqamətlərindən biri olduğunu göstərir. Qeyri-neft sektoru üzrə gəlirlərin artırılması və mənbələrinin şaxələndirilməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir və məsələ daim nəzarətdə saxlanılır”. - o deyib.

Nazirin sözlərinə görə, oru üzrə mənfəət vergisinin kəsirlə icra olunmasının əsas səbəbi vergi ödəyiciləri tərəfindən mənfəət vergisi üzrə hesablanmış məbləğin ƏDV üzrə artıq ödəmə ilə əvəzləşdirilməsidir.

Nazir bildirib ki, hesabat ili ərzində qeyri-neft sektorundan mənfəət vergisi üzrə proqnozlaşdırılmış məbləğ 4 milyard 123 milyon manat təşkil edib ki, bu da faktiki daxilolmadan 219 milyon manat və ya 5,3 faiz çoxdur:

“Eyni zamanda, həmin dövrdə qeyri-neft sektorundan ƏDV üzrə daxilolmalar 4 milyard 202 milyon manat təşkil edib və təsdiq edilmiş proqnozu 639 milyon manat və ya 18 faiz üstələyib. Nəticədə ƏDV və mənfəət vergisi üzrə göstəricilər birlikdə qiymətləndirildikdə, ümumi faktiki icranın proqnozdan 5,5 faiz yüksək olduğunu görmək olar”.

Sahil Babayev bildirib ki, son illərdə dünyada geosiyasi gərginliklərin, logistika zəncirlərində pozuntuların, enerji və ərzaq bazarlarındakı dəyişkənliyin davam etməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub, dövlət maliyyə sistemi çevik və məsuliyyətli idarəetmə prinsipləri əsasında fəaliyyət göstərib.

“Bu nəticələrin əsasında fiskal intizamın gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və əhalinin sosial rifahının yaxşılaşdırılmasına davamlı diqqət dayanır. 2025-ci ildə dövlət və icmal büdcələr müəyyən edilmiş prioritet istiqamətlərin, sosial təminat tədbirlərinin, ölkənin iqtisadi inkişafının, müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin, işğaldan azad edilmiş ərazilərimizin bərpa və yenidən qurulması tədbirlərinə yönəldilməklə icra edilib və hökumət qarşısında qoyulan vəzifələrin maliyyələşdirilməsi təmin edilib”.

Xəbər lenti

Xəbər lenti