Visa bu gün üç əsas istiqamət üzərində qurulub - Oliver Cenkins

İqtisadiyyat Materials 30 İyun 2026 12:05 (UTC +04:00)
Visa bu gün üç əsas istiqamət üzərində qurulub - Oliver Cenkins
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Paris. Trend:

Qlobal ödəniş sənayesində baş verən sürətli dəyişikliklər fonunda Visa öz biznesinin transformasiyasını davam etdirir, texnoloji imkanlarını və müştərilər üçün xidmət çeşidlərini genişləndirir.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Visa-nın qlobal bazarlar üzrə prezidenti Oliver Cenkins Parisdə keçirilən Visa Ödəniş Forumunda təşkil olunan məlumat sessiyasında deyib.

«Sənayemizdə baş verən bütün dəyişikliklər fonunda Visa da təkamül etməyə məcburdur. Biz dəyişirik və şirkətin necə transformasiya olunduğunu müştərilərimizlə bölüşmək istəyirik. Lakin bütün dəyişikliklərə baxmayaraq, bir prinsip dəyişməz qalır: Visa-nın gördüyü hər bir iş müştərilərimizin dəstəklənməsinə yönəlib», - deyə o bildirib.

Cenkinsin sözlərinə görə, müştəriyönümlülük şirkətin fəaliyyətinin əsasını təşkil etməyə davam edir.

Visa-nın qlobal bazarlar üzrə rəhbəri vurğulayıb ki, şirkət dünya bazarında lider mövqeyini qoruyub saxlayır.

«Bu gün Visa 200-dən çox ölkə və ərazidə fəaliyyət göstərir, dünya üzrə 175 milyondan artıq ticarət nöqtəsini birləşdirir və gündə təxminən bir milyard əməliyyat emal edir. Şirkət həmçinin dünyanın ən dəyərli on brendindən biridir», - deyə o qeyd edib.

Cenkins bildirib ki, Visa-nın transformasiyası yeni texnoloji həllərin fəal inkişafı ilə müşayiət olunur.

«Hazırda ödəniş məlumatlarının əlavə qorunmasını təmin edən 18 milyard tokenimiz, eləcə də pul köçürmələri üçün Visa Direct platformasında 18 milyard son nöqtəmiz var. Əlavə xidmətlər bölməmiz 200-dən çox həll təklif edir və onların 150-dən çoxu süni intellekt texnologiyalarından istifadə edir», - deyə o bildirib.

O, həmçinin şirkətin strateji prioritetlərindən danışaraq vurğulayıb ki, Visa-nın missiyası bazarın bütün iştirakçıları üçün ödənişlərin həyata keçirilməsi və qəbulunu maksimum dərəcədə rahat etməkdir.

«Strategiyamız dünyada insanların rifahını artırmaq, eyni zamanda ödəniş etmək və ödəniş qəbul etmək üçün ən yaxşı vasitə olaraq qalmaqdır. Bu strategiyanın əsasını brendimiz, innovativ məhsullarımız, texnoloji platformamız, təhlükəsizlik və əməkdaşlarımız təşkil edir», - deyə Cenkins qeyd edib.

Onun sözlərinə görə, Visa-nın biznesi hazırda üç əsas istiqamət üzərində qurulub: istehlakçı ödənişləri, kommersiya məqsədli pul hərəkəti həlləri (Commercial Money Movement Solutions) və əlavə xidmətlər (Value-Added Services).

İstehlakçı ödənişləri seqmentindən danışan Cenkins qeyd edib ki, kart ödənişlərinin onilliklər boyu inkişafına baxmayaraq, bazarın artım potensialı hələ də çox böyükdür.

«Biz onilliklərdir istehlakçı ödənişləri ilə məşğuluq. Lakin qlobal iqtisadiyyatda hələ də trilyonlarla dollar nağd pul, çeklər və digər səmərəsiz ödəniş üsulları formasında dövriyyədədir. Bu isə qarşıda bizi uzun illər davam edəcək artımın gözlədiyini göstərir», - deyə o vurğulayıb.

Cenkins müxtəlif bazar iştirakçıları arasında pul vəsaitlərinin hərəkəti üçün həllərin inkişafına da xüsusi diqqət ayırıb.

«Pul yalnız istehlakçı ilə biznes arasında hərəkət etmir. Buraya insanlararası köçürmələr, şirkətlərarası ödənişlər, bizneslərin istehlakçılara ödənişləri, dövlətin vətəndaşlara ödənişləri və vətəndaşların dövlətə ödəmələri daxildir. Bu əməliyyatların həcmi istehlakçı ödənişləri bazarını xeyli üstələyir, lakin onları təmin edən infrastruktur hələ kifayət qədər inkişaf etməyib. Buna görə də müştərilərimizlə birlikdə bu prosesləri daha sürətli və rahat etmək üçün fəal şəkildə investisiya yatırırıq. Əsas istiqamətlərdən biri B2B ödənişləridir», - deyə o bildirib.

O, üçüncü strateji istiqamət kimi Visa-nın əlavə xidmətlərini göstərib. Bu xidmətlər müştərilərə öz ödəniş infrastrukturunun inkişafına çəkilən xərcləri azaltmağa imkan verir.

«Bu gün müasir ödəniş infrastrukturunu dəstəkləmək son dərəcə mürəkkəbdir. Avtorizasiya, klirinq, hesablaşmalar, təhlükəsizlik, etibarlılıq, çardcbeklərin idarə olunması, rəqəmsal platformalar, agent kommersiyası, steyblkoinlər və bir çox digər istiqamətlərə böyük investisiyalar tələb olunur. Müştərilərimizin çoxu deyir ki, ödənişlərlə bağlı iyirmi layihəmiz var, amma əslində yalnız dörd-beş layihə ilə məşğul olmaq istəyirik. Qalanları isə sadəcə bazardan geri qalmamaq üçündür», - deyə Cenkins qeyd edib.

Onun sözlərinə görə, Visa hazırda emitentlərə, ticarət müəssisələrinə və maliyyə təşkilatlarına risklərin idarə olunması, rəqəmsal identifikasiya, kibertəhlükəsizlik, marketinq, konsaltinq və idarə olunan xidmətlər sahəsində geniş həllər təklif edərək onların biznes səmərəliliyini artırmağa kömək edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti