Bakı. Trend:
Müasir texnologiyalar gələcəkdə humanitar axtarış əməliyyatlarının ayrılmaz tərkib hissəsinə çevriləcək.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri Qəzənfər Əhmədov İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, bu texnologiyalar mütəxəssislərin zəngin təcrübəsini və peşəkarlığını tamamlayaraq itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində daha səmərəli nəticələr əldə etməyimizə imkan verəcək:
"Bu münasibətlə, Dövlət Komissiyasına İnteqrasiya edilmiş Məlumatların İdarəolunması Sistemi (IDMS) və Onlayn Sorğu Mərkəzinin (OIC) Azərbaycan dili versiyasını təqdim etdiyinə görə xanım Ketrin Bombergerə və Beynəlxalq İtkin Şəxslər Komissiyasının (ICMP) bütün kollektivinə səmimi minnətdarlığımızı bildirirəm. Əminik ki, bu müasir rəqəmsal alətlər fəaliyyətimizi daha da gücləndirəcək və itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində imkanlarımızı əhəmiyyətli dərəcədə artıracaq. Həmçinin, dəfn yerlərinin axtarışı, qazıntı işləri, eksqumasiya, insan qalıqlarının identifikasiyası və şəxsiyyəti müəyyən edilmiş itkinlərimizin dəfn mərasimlərinin təşkili prosesində iştirak edən bütün dövlət qurumlarına dərin təşəkkürümü bildirirəm. Dövlət Komissiyasının İşçi Qrupu bütün aidiyyəti dövlət qurumları ilə birlikdə Azərbaycan Respublikası rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin yüksək məsuliyyət, peşəkarlıq və qətiyyətlə icrasını bundan sonra da davam etdirəcək".
