“Psixiatriya yardımı haqqında” qanuna dəyişikliklər ictimai təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir - Elçin Mirzəbəyli

Cəmiyyət Materials 30 İyun 2026 12:24 (UTC +04:00)
“Psixiatriya yardımı haqqında” qanuna dəyişikliklər ictimai təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir - Elçin Mirzəbəyli
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Psixiatriya yardımı haqqında” qanuna təklif edilən dəyişikliklər insan hüquq və azadlıqlarının qorunmasının rəqəmsal dövrün tələblərinə uyğunlaşdırılması, mövcud boşluqların aradan qaldırılması və ictimai təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin bugünkü iclasında “Psixiatriya yardımı haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, qanun layihəsi ilə bağlı bəzi informasiya resurslarında yer alan şərhlər ictimai rəyi çaşdırmağa yönəlib və dəyişikliklərin mahiyyətini düzgün əks etdirmir. Onun sözlərinə görə, layihə Azərbaycan Konstitusiyasına, ölkənin qoşulduğu beynəlxalq konvensiyalara və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna tam uyğundur.

E.Mirzəbəyli vurğulayıb ki, layihədə heç bir halda prokurora vətəndaşı psixiatriya xəstəxanasına yerləşdirmək səlahiyyəti verilmir. Onun sözlərinə görə, söhbət yalnız barəsində inzibati xəta işi aparılan və aqressiv davranışı ilə təhlükə yaradan şəxsin ilkin psixiatriya müayinəsindən keçirilməsi barədə qərardan gedir. Deputat qeyd edib ki, prokurorun və ya digər səlahiyyətli şəxsin müraciəti yalnız həkim-psixiatrın rəyi əsasında həyata keçirilə bilər, tibbi diaqnozu isə hüquq-mühafizə orqanları deyil, müstəqil tibbi heyət və həkim komissiyası müəyyən edir.

O əlavə edib ki, qüvvədə qalan qanun normasına əsasən, qeyri-könüllü müayinəyə dair ərizə və materiallar məhkəməyə təqdim olunur və yekun qərarı bütün hallarda məhkəmə verir.

Deputatın sözlərinə görə, layihədə psixi pozuntusu olan şəxslərin məlumatlarının və müalicədən imtina hallarının vahid elektron sağlamlıq kartı sistemində saxlanılması təklif edilir. Bununla yanaşı, xəstə barədə məlumatların onun qanuni nümayəndəsinə yazılı müraciətdən sonra iki iş günü ərzində təqdim olunması öhdəliyi müəyyənləşdirilir.

E.Mirzəbəyli bildirib ki, bu dəyişikliklər şəxsi toxunulmazlıq və məlumat azadlığı hüququnun təminatlarını gücləndirir, eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi yanaşmalara uyğundur. Onun sözlərinə görə, elektron sistem məlumatların sonradan dəyişdirilməsi riskini aradan qaldırır, müəyyən edilən müddət isə pasiyent yaxınlarının məlumat əldə etmək hüququnun operativ həyata keçirilməsinə xidmət edir.

Deputat qeyd edib ki, layihəyə əsasən, barəsində inzibati xəta işi aparılan və gecikdirilməsi təhlükə yarada biləcək şəxslər prokurorun və ya səlahiyyətli orqanın qərarı ilə razılığı olmadan psixiatriya müayinəsinə cəlb oluna biləcəklər. O vurğulayıb ki, bu norma dövlətin vətəndaşların həyat və sağlamlığını qorumaq öhdəliyindən irəli gəlir və yalnız şəxsin özü və ya ətrafdakılar üçün real təhlükə yaratdığı hallarda tətbiq edilə bilər.

E.Mirzəbəyli əlavə edib ki, qanun layihəsində məcburi stasionar müalicəyə cəlb edilən şəxslərin digər pasiyentlərdən ayrı saxlanılması və müvafiq rejim qaydalarının təmin edilməsi də nəzərdə tutulur. Onun sözlərinə görə, bu yanaşma cəzalandırma məqsədi daşımır, digər pasiyentlərin yaşamaq və sağlamlığının qorunması hüquqlarının təmin edilməsinə xidmət edir.

Deputat hesab edir ki, qanun layihəsi fərdin hüquq və azadlıqları ilə cəmiyyətin təhlükəsizliyi arasında zəruri balans yaradır və təklif olunan normalar həm Azərbaycan Konstitusiyasına, həm də insan hüquqları sahəsində qəbul edilmiş beynəlxalq standartlara tam uyğundur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti