Azərbaycan elmi tədqiqatların inkişafı üçün potensiala malikdir - Cavid Hüseynov

Cəmiyyət Materials 30 İyun 2026 11:50 (UTC +04:00)
Azərbaycan elmi tədqiqatların inkişafı üçün potensiala malikdir - Cavid Hüseynov
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın elmi tədqiqatların inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı var.

Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu ABŞ-nin Kolumbiya Universitetinin tətbiqi analitika üzrə peşəkar təcrübə dosenti Cavid Hüseynov ADA Universitetinin IX Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib:

"Azərbaycanda tədqiqat infrastrukturunun inkişafı, yeni elmi mərkəzlərin və laboratoriyaların yaradılması üçün böyük potensial mövcuddur. İndi əsas vəzifə tədqiqatların nəticələrini beynəlxalq səviyyəyə çıxarmağa və dünyanın aparıcı elmi icmaları ilə daha fəal əməkdaşlıq etməyə imkan verəcək mexanizmlər yaratmaqdır".

Onun sözlərinə görə, azərbaycanlı alimlər beynəlxalq elmi təşkilatların fəaliyyətində daha fəal iştirak etməli və tədqiqatlarının nəticələrini nüfuzlu beynəlxalq elmi platformalarda dərc etdirməlidirlər:

"Azərbaycanlı tədqiqatçılar üçün beynəlxalq elmi icmalarda iştirak etmək və nüfuzlu elmi nəşrlərdə dərc olunmaq vacibdir. Bu, dünyanın müxtəlif ölkələrindən olan alimlərlə əməkdaşlıq imkanları yaradır və ölkədə elmin inkişafına töhfə verir".

Cavid Hüseynov vurğulayıb ki, artıq bu gün Azərbaycanın bir sıra universitetləri beynəlxalq elmi nəşrlər və elmi əməkdaşlıq sahəsində uğurlu nəticələr nümayiş etdirir:

"Artıq bu cür əməkdaşlığın uğurlu nümunələri mövcuddur. Bu istiqamət daha da inkişaf etdirilməlidir. Çünki məhz bu, beynəlxalq əlaqələrin möhkəmlənməsinə və azərbaycanlı tədqiqatçıların qlobal elmi gündəmdə iştirakının genişlənməsinə imkan verir".

Onun sözlərinə görə, tədqiqat infrastrukturunun inkişafı istedadlı mütəxəssislərin və innovasiyaların cəlb olunması üçün səmərəli mexanizmlərin yaradılması ilə müşayiət edilməlidir.

"Yalnız xaricdə çalışan alimlərin geri qayıtması barədə düşünmək kifayət deyil. Elə mexanizm yaradılmalıdır ki, onlar olduqları ölkələrdə fəaliyyətlərini davam etdirə, eyni zamanda Azərbaycanın universitetləri və sənaye qurumları ilə əməkdaşlıq edərək tədqiqatlarının nəticələrini ölkənin inkişafına yönəldə bilsinlər".

Xəbər lenti

Xəbər lenti