Türk Dövlətləri Təşkilatı nüfuzlu geosiyasi güc mərkəzidir - Ramin Məmmədov

Siyasət Materials 30 İyun 2026 12:41 (UTC +04:00)
Türk Dövlətləri Təşkilatı nüfuzlu geosiyasi güc mərkəzidir - Ramin Məmmədov
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa. Trend:

“Bu gün Türk Dövlətləri Təşkilatı (TDT) beynəlxalq aləmdə sürətlə güclənən, regional sabitliyin və qlobal sülhün möhkəmləndirilməsində mühüm rol oynayan nüfuzlu geosiyasi güc mərkəzidir. Ölkələrimiz arasındakı münasibətlər qardaşlıq, qarşılıqlı etimad və strateji maraqlar əsasında formalaşıb”.

Trend-in Qarabağ bürosunun məlumatına görə, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşündə səsləndirib.

Ramin Məmmədov bildirib ki, təşkilatın güclənməsinin əsasında üzv dövlətlərin rəhbərlərinin qətiyyətli siyasi iradəsi dayanır.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətdə Türk dünyasının inteqrasiyası əsas geostrateji hədəflərdən biridir. Dövlət başçısının ‘Bizim bir ailəmiz var, o da Türk dünyasıdır’ fikri hər birimiz üçün rəhbər prinsipdir. Bu strategiya ortaq mənəvi-humanitar dəyərlər üzərində birliyimizi qorumağı və gələcəyə birlikdə addımlamağı nəzərdə tutur”, – deyə o qeyd edib.

Komitə sədri vurğulayıb ki, müasir dövrdə bəşəriyyət qlobal miqyasda bəzi Qərb dairələrində sistemli şəkildə təşviq olunan anti-İslam meylləri və yeni ideoloji təhdidlərlə üzləşir.

“Bu gün İslam dinini terrorla eyniləşdirməyə çalışan, müqəddəs dəyərlərimizi hədəfə alan təhlükəli meyllərə qarşı beynəlxalq müstəvidə ən qətiyyətli mübarizə aparan ölkələrdən biri Azərbaycandır. Xalqlarımızın formalaşdırdığı tolerant dünyagörüşü əsrlər boyu birgəyaşayış ənənələrinin və zəngin mənəvi dəyərlərin nəticəsidir. Türk-İslam sivilizasiyası tarix boyu dünyaya sülh, ədalət və humanizm bəxş edib”, – deyə Ramin Məmmədov əlavə edib.

Xəbər lenti

Xəbər lenti