Qərarın icrasında qeyri-müəyyənlik yaranarsa, məhkəmə ona izah verməlidir - Ali Məhkəmə

Cəmiyyət Materials 30 İyun 2026 13:41 (UTC +04:00)
Qərarın icrasında qeyri-müəyyənlik yaranarsa, məhkəmə ona izah verməlidir - Ali Məhkəmə
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Respublikasının Ali Məhkəməsi cinayət işi çərçivəsində baxılmış mülki iddiaya dair qəbul edilmiş hökmün icrası zamanı yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə həmin hissəyə izah verilməsinin mümkünlüyünə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Ali Məhkəmənin Mətbuat Xidmətindən verilən məlumata görə, iş üzrə birinci instansiya məhkəməsinin hökmü ilə sökülmüş binada zərərçəkmiş şəxsə məxsus qeyri-yaşayış sahələrinin əvəzində həmin ünvanda inşa edilmiş yeni binada eyni ölçüdə, tam təmirli qeyri-yaşayış sahələrinin QSC tərəfindən naturada təhvil verilməsi, bina istismara verilənədək isə aylıq 1 200 manat məbləğində icarə haqqının ödənilməsi qərara alınıb.

Məhkəmənin Mətbuat xidmətindən bildirilib ki, sonradan zərərçəkmiş şəxs hökmün mülki iddiaya dair hissəsinə izah verilməsi barədə məhkəməyə müraciət edib:

"O, ərizəsində qeyd edib ki, qərarda yeni binada təqdim olunacaq qeyri-yaşayış sahələrinin konkret yerləşdiyi yer, istiqaməti və digər xüsusiyyətləri müəyyən edilmədiyindən, bu hal icra mərhələsində müxtəlif yanaşmalara və hüquqlarının tam bərpa olunmamasına səbəb ola bilər.

Birinci instansiya məhkəməsi hökmün kifayət qədər aydın olduğunu əsas gətirərək müraciəti təmin etməyib. Apellyasiya instansiyası da həmin qərarı qüvvədə saxlayıb.

Ali Məhkəmə isə fərqli hüquqi mövqe ortaya qoyub. Qeyd olunub ki, Cinayət-Prosessual Məcəlləsində cinayət işi üzrə qəbul edilmiş məhkəmə aktlarının izah edilməsini birbaşa tənzimləyən norma olmasa da, CPM-in 179.2-ci maddəsinə əsasən belə hallarda Mülki Prosessual Məcəllənin müvafiq müddəaları tətbiq oluna bilər”.

Bildirilib ki, Məhkəmə Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsi işə baxmış məhkəməyə qəbul etdiyi və ləğv edilməmiş məhkəmə aktını onun məzmununu dəyişdirmədən izah etmək səlahiyyəti verir:

“Bu hüquqi mexanizmin məqsədi qərarı dəyişdirmək deyil, onun düzgün başa düşülməsini və qanunauyğun icrasını təmin etməkdir.

Ali Məhkəmənin hüquqi mövqeyinə əsasən, cinayət işi çərçivəsində baxılmış mülki iddia üzrə qəbul edilmiş qərarın icrası zamanı qeyri-müəyyənlik yaranarsa və ya belə ehtimal mövcud olarsa, həmin qərarın izah edilməsi hüquqi müəyyənliyin təmin olunmasına və məhkəmə müdafiəsinin səmərəliliyinə xidmət edir.

Qərarda xüsusi vurğulanıb ki, naturada zərərin əvəzinin ödənilməsi yalnız təqdim ediləcək əmlakın sahəsinin eyni olması ilə məhdudlaşmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinin mənasına uyğun olaraq zərərçəkmiş şəxsin əvvəlki hüquqi vəziyyəti mümkün qədər bərpa edilməli, bunun üçün əmlakın funksional təyinatı, istifadə imkanları və iqtisadi dəyəri də nəzərə alınmalıdır”.

Məhkəmənin Mətbuat Xidmətindən bildirilib ki, Ali Məhkəmə hökmün mülki iddiaya dair hissəsində bu məsələlərin konkret göstərilməməsi icra mərhələsində ziddiyyətli yanaşmalara səbəb ola və mülkiyyət hüququnun səmərəli müdafiəsini çətinləşdirə biləcəyini hesab edib. Belə hallarda qərarın izah edilməsi məhkəmə aktının məzmununun dəyişdirilməsi deyil, onun düzgün və effektiv icrasını təmin edən hüquqi vasitə kimi çıxış edir.

“Yekunda Ali Məhkəmə zərərçəkmiş şəxsin hökmün mülki iddiaya dair hissəsinə izah verilməsi barədə müraciətinin qanuna uyğun olduğunu və əsassız hesab edilə bilməyəcəyini qeyd edib”, - deyə Məhkəmənin Mətbuat xidmətindən əlavə edilib.

Xəbər lenti

Xəbər lenti