Banklar infrastrukturun modernləşdirilməsini sürətləndirməlidirlər - Visa

İqtisadiyyat Materials 30 İyun 2026 14:36 (UTC +04:00)
Banklar infrastrukturun modernləşdirilməsini sürətləndirməlidirlər - Visa
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Paris.Trend:

Banklar infrastrukturun modernləşdirilməsini sürətləndirməlidirlər.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Parisdə keçirilən "Visa" Ödəniş Forumu çərçivəsində təşkil olunan məlumat sessiyasında "Visa"nın CEMEA regionu üzrə əlavə dəyər xidmətləri istiqamətinin rəhbəri, baş vitse-prezidenti Valter Lironi deyib.

Onun sözlərinə görə, maliyyə sektoru eyni vaxtda bir neçə fundamental dəyişikliklə üzləşir. Bunlara istehlakçı gözləntilərinin dəyişməsi, texnoloji transformasiya və yeni risk növlərinin artması daxildir.

""Z nəsli" ticarətin sosial şəbəkələr də daxil olmaqla, olduğu hər yerdə əlçatan olmasını gözləyir. Onlar hər əməliyyatın bir kliklə, maksimum rahat şəkildə həyata keçirilməsini istəyirlər. Əlbəttə ki, bu proseslərin təhlükəsiz olmasını da gözləyirlər", - deyə o bildirib.

V. Lironi qeyd edib ki, ödəniş ekosistemlərinin mürəkkəbləşməsi, ödəniş kanalları və üsullarının sayının artması bu gözləntilərin qarşılanmasını daha da çətinləşdirir.

O bildirib ki, risklər artıq yalnız ənənəvi tranzaksiya riskləri ilə məhdudlaşmır, kibercinayətkarlıq və daha mürəkkəb dələduzluq sxemlərini də əhatə edir.

"Əvvəllər risk yalnız tranzaksiya zamanı yaranırdı. Bu gün isə o, kibercinayətkarlıq da daxil olmaqla daha geniş sahələri əhatə edir", - deyə V.Lironi vurğulayıb.

Onun sözlərinə görə, maliyyə institutları infrastrukturun modernləşdirilməsini təxirə sala bilməz.

"Əgər siz bu gün maliyyə institutusunuzsa, modernləşməni gözləyə bilməzsiniz. Əks halda yaxın gələcəkdə bazardan kənarda qalmaq riski ilə üzləşəcəksiniz", - deyə o bildirib.

V.Lironi qeyd edib ki, monolit arxitekturaya və paket (batch) məlumat emalına əsaslanan köhnə bank sistemləri müasir sürət, təhlükəsizlik və fərdiləşdirilmiş xidmət tələblərinə cavab vermir.

O bildirib ki, modernləşmə risklərin və dələduzluğun idarə edilməsini daha səmərəli edir. Belə ki, intellektual mexanizmlər sonradan əlavə olunmur, birbaşa tranzaksiya səviyyəsinə inteqrasiya edilir.

Bundan əlavə, müasir platformalar sistemlərin dayanıqlığını və miqyaslana bilməsini artırır. Köhnə arxitekturaya malik banklarda isə nasazlıqlar daha çox baş verir və onların aradan qaldırılması daha uzun çəkir.

"Biz görürük ki, köhnə sistemlərlə işləyən banklar beş dəfəyədək daha çox nasazlıqla üzləşir və onların bərpası xeyli uzun vaxt aparır", - deyə o bildirib.

Onun sözlərinə görə, müasir rəqəmsal platformalar şirkətlərə innovasiyaları üç dəfə daha sürətli tətbiq etməyə və yeni gəlir mənbələrinə, o cümlədən 2030-cu ilədək həcmi 7 trilyon ABŞ dollarını ötəcəyi proqnozlaşdırılan daxili maliyyə (embedded finance) bazarına daha tez çıxmağa imkan verir.

V.Lironi çıxışı zamanı "Visa"nın bank infrastrukturunun modernləşdirilməsinə yanaşmasını da təqdim edib. O bildirib ki, bu yanaşma üç əsas istiqaməti əhatə edir: infrastrukturun transformasiyası, intellektual istifadəçi xidmətlərinin yaradılması və təhlükəsizlik sistemlərinin gücləndirilməsi.

Onun sözlərinə görə, bir çox banklar hələ də yeni tələblərə uyğunlaşdırılması çətin olan monolit sistemlərdən istifadə edir.

Həll yolu kimi Visa hazırda 20-dən çox ölkədə fəaliyyət göstərən və 200 milyondan artıq hesabı əhatə edən "API-first" prinsipi əsasında qurulmuş "Pismo" əsas bank platformasını inkişaf etdirir.

""Pismo" banklara infrastrukturunu ayrı-ayrı istifadə ssenarilərindən başlayaraq mərhələli və təhlükəsiz şəkildə modernləşdirməyə, daha sonra isə bu həlləri genişləndirməyə imkan verir", - deyə V.Lironi bildirib.

O əlavə edib ki, "Visa" orta və iri ticarət müəssisələrinin vahid inteqrasiya vasitəsilə 190 ölkəyə, 150-dən çox ekvayerə və 50-dən artıq valyutaya çıxış əldə etməsinə imkan verən ödəniş qəbulu platformasını da inkişaf etdirir.

V.Lironi sonda bildirib ki, "Visa" emitentlər və ekvayerlər üçün həllər də daxil olmaqla, modernləşdirmə alətlərinə investisiyalarını davam etdirəcək və bununla ödəniş sənayesinin rəqəmsal transformasiyasını sürətləndirəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti