Bakı. Trend:
Azərbaycanın təhsil sistemində rus bölməsi fəaliyyət göstərir və bu bölmələrin sabahdan bağlanması texniki baxımdan mümkün deyil.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə sualları cavablandırarkən bildirib.
Nazirin sözlərinə görə, burada çalışan müəllimlər, mövcud infrastruktur və digər amillər nəzərə alınmalıdır:
"Eyni zamanda dövlət dili Azərbaycan dilidir və Elm və Təhsil
Nazirliyi olaraq əsas məqsədimiz Azərbaycan vətəndaşlarına dövlət
dilində keyfiyyətli təhsil təmin etməkdir. Ölkədə rus bölməsi ilə
yanaşı, digər dillərdə tədris aparılan məktəblər də fəaliyyət
göstərir. Valideynlər övladlarının hansı dildə təhsil alacağına
özləri qərar verirlər.
Rus bölməsində təhsilin Azərbaycan bölməsi ilə müqayisədə daha
keyfiyyətli olması barədə formalaşmış fikir reallığı əks etdirmir.
Ola bilsin ki, bu yanaşma əvvəlki dövrlərdə müəyyən əsaslara
söykənirdi, lakin bu gün belə deyil. Rus dilli məktəblərinin
bağlanması heç vaxt gündəmdə olmayıb. Lakin hər bir təhsil
müəssisəsində olduğu kimi, şagird sayının azalması və ya müəllim
çatışmazlığı kimi obyektiv səbəblər yarandıqda optimallaşdırma
aparıla bilər. Bu, tamamilə təbii prosesdir. Məsələn, şagird
sayının az olması səbəbindən Azərbaycanın kəndlərində yüzlərlə
məktəb fəaliyyətini dayandırıb və ya optimallaşdırılıb. Eyni
prinsip bütün məktəblərə şamil olunur".
