Bakı. Trend:
Sahibkarlıq fəaliyyətində inzibati yanaşmanın dəyişdirilməsinə ehtiyac var, eyni zamanda qanunsuz fəaliyyətlərə qarşı qanunvericilik daha sərt olmalıdır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
O bildirib ki, sahibkar fəaliyyətə başlamazdan əvvəl geniş araşdırmalar aparmalı, layihəsini hazırlamalı, mümkün riskləri qiymətləndirməli və yalnız bundan sonra investisiya qoymalıdır. Onun sözlərinə görə, Azərbaycanda bəzi sahibkarlar yatırdıqları vəsaiti qısa müddətdə geri qaytarmağa çalışırlar ki, bu da düzgün yanaşma deyil.
S.Novruzov qeyd edib ki, dünya təcrübəsində sahibkarlıq fəaliyyətində yüksək gəlirlilik diqqətlə araşdırılır və normal biznesdə gəlirlilik səviyyəsi adətən 10-15 faizdən artıq olmur.
Komitə sədri sənədləşmə işinin daha ciddi aparılmasının vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, tikinti sektorunda sənədləşmənin düzgün aparılmaması nəticəsində çoxsaylı vətəndaşlar zərər çəkib, mənzil almaq üçün ödəniş etsələr də, binalar tamamlanmayıb və vəsaitlərini itiriblər.
S.Novruzov bildirib ki, elə hüquqi mexanizm yaradılmalıdır ki, bu cür hallarda vətəndaşların hüquqları etibarlı şəkildə qorunsun.
Deputat qeyri-qanuni sahibkarlıq sahəsində daha bir problemin vətəndaşların şəxsiyyət vəsiqələrindən istifadə edilməklə onların adına şirkətlər yaradılması olduğunu deyib. Onun sözlərinə görə, belə hallarda insanlar özləri xəbərsiz olduqları halda iri məbləğdə vergi borcları ilə üzləşir, hətta ölkədən çıxışlarına məhdudiyyət qoyulur.
S.Novruzov qanun layihəsində internet resurslarından istifadə etməklə qeyri-qanuni gəlirlərin əldə olunmasına dair müddəaların da yer aldığını xatırladaraq, bu halların qarşısının qətiyyətlə alınmasının vacibliyini bildirib.
O əlavə edib ki, dövlət üçün əsas məsələ vətəndaşın hüquqlarının qorunmasıdır. Deputat son dövrlər pensiyaçıların və digər şəxslərin bank kartlarından vəsaitlərin oğurlanması hallarının artdığını qeyd edərək, bu cür cinayətlərin açılmasının hüquq-mühafizə orqanları üçün də çətin olduğunu vurğulayıb.
S.Novruzov hesab edir ki, bir tərəfdən sahibkarlıq fəaliyyəti üçün prosedurlar sadələşdirilməli, digər tərəfdən isə qanunsuz sahibkarlıq, maliyyə fırıldaqları və vətəndaşların hüquqlarını pozan digər əməllərə görə məsuliyyət daha da sərtləşdirilməlidir.
