Bakı. Trend:
"Visa Direct" platforması həm ölkədaxili, həm də transsərhəd pul köçürmələri imkanlarını genişləndirir.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Parisdə keçirilən Ödəniş Forumu çərçivəsində məlumat sessiyasında "Visa"nın CEMEA regionu üzrə kommersiya və pul köçürmələri həlləri istiqamətinin rəhbəri, baş vitse-prezidenti Şahbaz Xan deyib.
Onun sözlərinə görə, "Visa Direct" təchizatçılara, əməkdaşlara və podratçılara ödənişlərin sadələşdirilməsi, eləcə də həm ölkədaxili, həm də beynəlxalq pul köçürmələrinin sürətləndirilməsi üçün nəzərdə tutulub.
"Biz vəsaitləri "Visa" kartlarına, bank hesablarına və ya mobil cüzdanlara yönləndirməyə imkan verən, 12 milyarddan çox ödəniş qəbul nöqtəsini əhatə edən platforma yaratmışıq", - deyə o bildirib.
Ş.Xan qeyd edib ki, "Visa Direct" 195 ölkədə fəaliyyət göstərir və 150-dən çox valyutanı dəstəkləyir. Bu isə istifadəçilərə ənənəvi bank sistemində daha mürəkkəb və vaxt aparan əməliyyatları daha rahat həyata keçirməyə imkan verir.
O vurğulayıb ki, platformaya çıxış "Visa"nın tərəfdaş bankları vasitəsilə təmin olunur və bu da xidməti mövcud maliyyə infrastrukturunun ayrılmaz hissəsinə çevirir.
"Visa Direct vasitəsilə ənənəvi bank sistemində həyata keçirilməsi daha çətin olan ödənişləri reallaşdıra bilərsiniz", - deyə şirkət nümayəndəsi əlavə edib.
Qeyd edək ki, "Visa", "Visa Direct" platformasını müxtəlif növ maliyyə hesabları və ödəniş alətləri arasında sürətli və çevik pul köçürmələrini təmin edən qlobal ödəniş ekosisteminin inkişaf strategiyasının əsas elementlərindən biri hesab edir.
