Bakı. Trend:
Azərbaycanın Dövlət Komissiyası ilə Ermənistandakı müvafiq qurum arasında əlaqələrin inkişaf etdiyini görmək sevindiricidir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) baş direktoru Katrin Bomberqer İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda Beynəlxalq Konfransda çıxışında bildirib.
Onun sözlərinə görə, 2025-ci il avqustun 8-də hər iki ölkə tərəfindən sülh sazişinin imzalanması mühüm hadisə idi:
"Son günlər Bakıda keçirdiyim görüşlər zamanı öyrəndim ki, Çin Xalq Respublikasında Azərbaycan və Ermənistan prokurorluqları arasında da görüş keçirilib. Bütün bu irəliləyişlər regionda etimadın möhkəmlənməsi və davamlı sülhün təmin olunması baxımından olduqca mühüm əhəmiyyət daşıyır.
Azərbaycanla əməkdaşlığımıza gəlincə, çıxışımda konfransın əsas mövzuları olan iki istiqamətə – əməkdaşlığın gücləndirilməsi və itkin düşmüş şəxslər probleminin həlli üçün müasir mexanizmlərin inkişafına toxunmaq istərdim. Əməkdaşlıq baxımından ilk növbədə, dövlət daxilində koordinasiya xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda bu məsələ ilə məşğul olan Dövlət Komissiyasının yaradılması və prosesə çoxsaylı dövlət qurumlarının, nazirliklərin cəlb edilməsi olduqca müsbət nümunədir. Biz hesab edirik ki, belə bir institusional yanaşma itkin düşmüş şəxslər probleminin həllində dövlətlərin atmalı olduğu ən vacib addımlardan biridir. Çünki bu məsələ müxtəlif sahələri əhatə edir və aidiyyəti qurumlar arasında sıx əməkdaşlıq tələb edir.
İkinci mühüm istiqamət qanunvericiliyin təkmilləşdirilməsidir. Azərbaycanda bu sahədə mövcud qanunvericiliyin müasirləşdirilməsi istiqamətində aparılan işləri müsbət qiymətləndiririk. Münaqişədən və kütləvi itkin düşmə halları baş verdikdən sonra əksər dövlətlərdə bu problemi tam əhatə edən hüquqi baza olmur. Azərbaycanın dəvəti ilə apardığımız qiymətləndirmənin nəticələri də göstərir ki, bu istiqamətdə irəliləyiş üçün imkanlar mövcuddur.
Əməkdaşlığın digər mühüm istiqaməti Dövlət Komissiyası ilə itkin düşmüş şəxslərin ailələri arasında münasibətlərdir. Hesab edirəm ki, bu, ən vacib əməkdaşlıq sahəsidir. Beynəlxalq hüquqa əsasən dövlətlər yalnız itkin düşmüş şəxslərin taleyini araşdırmaq və onların yerini müəyyən etmək öhdəliyi daşımırlar. Eyni zamanda, əsasən qadınlar və uşaqlardan ibarət olan itkin ailələrinin fundamental hüquqlarını da təmin etməlidirlər. Bu hüquqlara həqiqəti bilmək, ədalətə çıxış və kompensasiya almaq hüququ daxildir. Buna görə də ailələrin axtarış prosesində fəal iştirak etməsi və öz hüquqlarını həyata keçirə bilməsi böyük əhəmiyyət kəsb edir. Üçüncü mühüm istiqamət isə dövlətlərarası əməkdaşlıqdır. Bu baxımdan Azərbaycan və Ermənistan arasında müşahidə olunan irəliləyişlər ümidvericidir. ICMP-nin əsas mandatlarından biri hökumətlər arasında əməkdaşlığın təşviq edilməsidir. Bu konfransda da qeyd olunduğu kimi, sülh istiqamətində atılan addımları məmnunluqla qarşılayırıq".
