Bakı. Trend:
Azərbaycanda satınalan təşkilat tərəfindən icra və ya avans təminatının təqdim edilməsinin mümkün olmadığı müəyyənləşdirilən qeyri-rezident hüquqi və fiziki şəxslərin bu öhdəlikdən azad olunmasına dair hüquqi mexanizmin yaradılması təklif edilir.
Bu müddəa "Dövlət satınalmaları haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.
Müzakirələr zamanı bildirilib ki, dövlət xəzinədarlığı vasitəsilə büdcə təşkilatlarının xarici təchizatçılardan aldığı mal, iş və xidmətlər üzrə yaranan öhdəliklərin ödənilməsi prosesində bəzi qurumlar satınalma müqavilələrinə uyğun olaraq xarici təchizatçılardan icra və ya avans təminatı tələb edir. Lakin bir sıra hallarda həmin təminatların təqdim edilməsinin mümkün olmadığı müəyyən edilir.
Mövcud qanunvericilikdə bununla bağlı istisna nəzərdə tutulmadığından, tələb olunan sənədlərin təqdim edilməməsi xəzinədarlıq orqanlarının ödəniş həyata keçirməsinə mane olur. Nəticədə isə müvafiq mal, iş və xidmətlərin alınması prosesi ləngiyir və ya baş tutmur.
Layihəyə əsasən, nəzarət orqanının və aidiyyəti dövlət qurumunun təklifləri nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeyri-rezident hüquqi və ya fiziki şəxsin icra və ya avans təminatı təqdim etmək öhdəliyindən azad olunması və ya bu tələbdən azad edilməsindən imtina barədə qərar qəbul edilə biləcək.
Dəyişiklik qəbul olunacağı təqdirdə, bir mənbədən satınalma metodunun tətbiq edildiyi və xarici təchizatçının icra və ya avans təminatı təqdim etməsinin mümkün olmadığı hallarda büdcə təşkilatlarının həmin təchizatçılar qarşısında öhdəliklərini yerinə yetirməsi ilə bağlı dövlət xəzinədarlığında yaranan çətinliklərin aradan qaldırılması nəzərdə tutulur.
