Bakı. Trend:
Prezident Kitabxanasında ictimai xadim, Əməkdar mədəniyyət işçisi Aslan Aslanovun “Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri” adlı kitabının təqdimat mərasimi keçirilir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, tədbirdə Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova giriş sözü ilə çıxış edəcək.
Daha sonra kitabla bağlı videoçarx nümayiş etdirilməsi nəzərdə tutulur.
Aslan Aslanov ömrünün böyük bir hissəsini Azərbaycan mətbuatına və onun inkişafına həsr edib.
Ulu Öndər Heydər Əliyevin 1993-2003-cü illərdə keçirdiyi görüşlərin, qəbulların, iclasların və digər tədbirlərin, eləcə də xarici ölkələrə səfərlərinin əksəriyyətində AZƏRTAC-ın əməkdaşı kimi iştirak edib və Heydər Əliyev "universiteti”ndə dərs alıb.
Kitaba Aslan Aslanovun həmin tədbirlərdən mətbuat üçün hazırladığı informasiyalar daxil edilib, həmçinin müəllifin həmin görüşlərə dair xatirələri, düşüncələri verilib.
Kitabda Heydər Əliyevin siyasi fəaliyyəti, 1993-1995-ci illərdə ölkədə baş verən hadisələr işıqlandırılıb.
Tədbirdə professor, tarixçi-alim Dilara Seyidzadə, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov, Milli Məclis sədrinin müavini Rafael Hüseynov, beynəlxalq miqyaslı jurnalist Mixail Qusman, ictimai-siyasi xadim Əli Həsənov, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Milli Məclisin deputatı Aqil Abbas, tarix üzrə fəlsəfə doktoru, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri Cəbi Bəhramov və kitabın müəllifi, ictimai xadim, Əməkdar mədəniyyət işçisi Aslan Aslanovun çıxışları nəzərdə tutulub.
Təqdimat mərasiminin sonunda Prezident Kitabxanasının direktoru, professor Afət Abbasovanın yekun çıxışı olacaq.
Tədbir incəsənət ədəbiyyatı zalında çay süfrəsi arxasında söhbətlə başa çatacaq.
