Bakı. Trend:
Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarətin gücləndirilməsi nəzərdə tutulur.
Bu, Gömrük Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, texniki reqlamentlər və istinad edilmiş standartlar tətbiq olunan mallar ölkəyə gətirilərkən onların təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiq edən sənədlər – uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və ya tanınmış xarici mənşəli uyğunluq sənədləri gömrük orqanlarına təqdim edilməlidir.
Bununla əlaqədar Gömrük Məcəlləsinin həm gömrük orqanlarının hüquqlarını, həm də gömrük nəzarətinin formalarını müəyyən edən maddələrinə dəyişiklik təklif olunur. Dəyişikliklər gömrük əməkdaşlarına idxal olunan malların qeyd olunan uyğunluq sənədləri ilə müşayiət olunmasını yoxlamaq səlahiyyəti verəcək.
Qanun layihəsinin izahatında bildirilir ki, "Texniki tənzimləmə haqqında" qanunun tələblərinə görə texniki reqlamentlərə uyğun olmayan və ya uyğunluğu qiymətləndirilməmiş məhsulların istehsalı, satışı, idxalı və istifadəsi qadağandır.
Sənədin məqsədi texniki reqlamentlərin tələblərinə cavab verməyən və təhlükəli hesab olunan qeyri-qida istehlak mallarının ölkəyə gətirilməsinin qarşısını almaq, idxal nəzarəti mexanizmini təkmilləşdirmək və istehlakçıların təhlükəsizliyini artırmaqdır.
Layihə müəlliflərinin qənaətinə görə, yeni qaydalar yerli və xarici mənşəli məhsullar üçün eyni tələblərin tətbiqini təmin edəcək, rəqabət mühitinin qorunmasına və yerli istehsalın dəstəklənməsinə xidmət edəcək. Eyni zamanda insanların həyatı və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlət maraqlarına təhlükə yarada biləcək məhsulların idxalının qarşısı alınacaq.
Qanun layihəsində qeyri-qida mallarının idxalı ilə məşğul olan sahibkarların yeni tələblərə uyğunlaşması üçün 24 aylıq keçid dövrü də nəzərdə tutulub. Dəyişikliklər texniki reqlamentlər və istinad edilmiş standartlar qüvvəyə mindikdən iki il sonra idxal olunan mallara şamil ediləcək. Qanunun isə dərcindən 30 gün sonra qüvvəyə minməsi təklif olunur.
