...

Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası keçirilib (FOTO/VİDEO) (YENİLƏNİB)

Siyasət Materials 10 İyul 2025 14:28 (UTC +04:00)
Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası keçirilib (FOTO/VİDEO) (YENİLƏNİB)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 10-da Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası keçirilib.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Əvvəlcə BMMT-nin himni səsləndirilib.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına müraciəti səsləndirilib. Müraciəti Azərbaycanın Baş naziri Əli Əsədov oxuyub.

Təşkilatın İcraiyyə Şurasının vitse-prezidenti Vinisio Feliks Çavarria Bayez və BMMT-nin Baş katibinin səlahiyyətlərini icra edən Roman Lapin çıxışlarında sessiyanın qarşısında duran məsələlərdən danışıblar.

Daha sonra Təşkilatın Etimad Komitəsinin hesabatı dinlənilib, sessiyanın gündəliyi təsdiq olunub. BMMT-nin Baş katibi vəzifəsinə namizədlərin təqdimatından sonra səsvermə keçirilib.

Səsvermənin nəticəsinə əsasən, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirlyi Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli yekdilliklə Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib. Qeyd edək ki, Baş katib vəzifəsinə seçkilərdə təşkilata üzv 4 ölkə – Azərbaycan, Serbiya, Burkina Faso və Tunisdən olan namizədlər mübarizə aparırdılar.

Səsvermənin hesabatı dinlənildikdən sonra BMMT-nin yeni Baş katibi Ərgüc Kələntərli çıxış edərək, ona göstərilən etimada görə təşəkkürünü bildirib, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylə çalışacağını deyib.

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov tədbirdə yekun nitq söyləyib.

Nazir BMMT-nin Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının bütün iştirakçılarına məhsuldar və konstruktiv fəaliyyətlərinə görə səmimi təşəkkürünü bildirib. K.Heydərov Prezident İlham Əliyevə mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlıq məsələlərinə göstərdiyi hərtərəfli dəstəyə, strateji baxışına və davamlı diqqətinə görə dərin minnətdarlığını çatdırıb.

Nazir BMMT-nin Bakıda keçirilən sessiyalarının fövqəladə hallarla mübarizə məsələlərində real və müsbət nəticələrin yalnız birgə və əlaqəli fəaliyyət sayəsində əldə edilməsinin mümkünlüyünü bir daha göstərdiyini vurğulayıb. Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə beynəlxalq əməkdaşlığın fəal və məsuliyyətli iştirakçısı kimi ölkəmizin bundan sonra da BMMT-nin fəaliyyətini dəstəkləməkdə, onun inkişafına əməli töhfə verməkdə davam edəcəyini diqqətə çatdırıb.

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının Bakıda keçirilən 3-cü növbədənkənar sessiyasının işinə BMMT-nin himninin səsləndirilməsi ilə yekun vurulub.

Xəbər lenti

Xəbər lenti