...

Şahdəniz kompressor layihəsində görüləcək işlər açıqlanıb

İqtisadiyyat Materials 10 İyul 2025 15:51 (UTC +04:00)
Şahdəniz kompressor layihəsində görüləcək işlər açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Şahdəniz kompressor layihəsi çərçivəsində görüləcək növbəti işlərə başlanılıb.

Bu sözləri Trend-ə açıqlamasında “bp-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.

O, Şahdəniz kompressor layihəsi çərçivəsində görülən növbəti işlərdən danışıb: “Bu layihə çərçivəsində Şahdəniz yatağında yeni bir platforma inşa olunacaq. Bu platformada kompressorlar quraşdırılacaq və bu güclü kompressorlar bizə imkan verəcək ki, yataqdakı aşağı təzyiqli qazı da kompressiya edərək Səngəçal terminalına ötürək və bazarlara çatdıraq. Yəni, Şahdənizdən hasilatın davamlı olması, xüsusilə də aşağı təzyiqli qazın hasil edilərək nəqlə verilməsi və bazarlara çatdırılması Şahdəniz kompressor layihəsi ilə mümkün olacaq. Biz artıq bu layihənin yekun investisiya qərarını vermişik, bu, 2,9 milyard dollarlıq bir layihədir. Hazırda layihə çərçivəsində növbəti işlərə başlamışıq”.

Qurumun sözçüsü bp-nin bu sahədə böyük təcrübəsinin olduğunu qeyd edib: “İndiyə qədər Şahdəniz yatağında mərhələlərlə platformalar tikmişik, həmçinin Azəri-Çıraq-Günəşli yatağında 9 platforma inşa etmişik. Bu isə növbəti bir platforma olacaq. Bizim bu sahədə böyük təcrübəmiz var. Hazırda Azərbaycanda belə platformaların inşası üçün çox yaxşı tikinti-quraşdırma sahələri mövcuddur, istər Bakı Dərin Özülləri Zavodundakı sahə, istərsə də Bibiheybət ərazisindəki tikinti-quraşdırma sahəsi fəaliyyət göstərir. Biz yerli resurslardan, yerli ehtiyatlardan və əsasən yerli işçi qüvvəsindən istifadə edərək bu platformanın inşasına başlayacağıq. Bu layihəyə çox böyük infrastruktur tələb olunmayacaq, çünki artıq mövcud qaz kəməri mövcuddur. Şahdəniz yatağından sualtı qaz nəqli kəmərləri var ki, qazı Səngəçal terminalına çatdırır. Yeni platformada kompressor quraşdırılacaq və terminala çatdırmaq istədiyimiz qaz mövcud infrastruktura istifadə olunaraq terminala ötürüləcək”.

“Bundan əvvəl Şahdəniz yatağını iki mərhələdə işləmişik. Şahdəniz 1 layihəsi çərçivəsində hasil olunan qaz 2006-cı ildən başlayaraq Gürcüstan və Türkiyə bazarlarına ötürülür. Daha sonra isə daha böyük mərhələ olan Şahdəniz 2 layihəsinin işlənməsinə başladıq. Bu layihə çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan bazarları ilə yanaşı Avropa bazarlarına da qaz çatdırılmağa başlandı. Şahdəniz 2 layihəsinin nəticəsi olaraq Azərbaycan ilk dəfə öz qazını Avropa bazarlarına nəql etməyə başladı. Şahdəniz 2 layihəsi çox təhlükəsiz və səmərəli şəkildə işləyir. Hazırda Şahdəniz yatağından hasilatımız ən yüksək səviyyədədir və bu ildə yüksək səviyyədə hasilat gözlənilir. Amma qaz hasilatının davamlı olması üçün növbəti mərhələ lazımdır. Bunun üçün də biz Şahdəniz kompressor layihəsinin işlənməsinə qərar verdik”, - deyə Tamam Bayatlı əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti