Bakı. Trend:
bp Azərbaycanda həyata keçirdiyi sosial sərmayə fəaliyyətləri çərçivəsində daha bir mühüm mədəni irs layihəsinə dəstək verib.
Trend xəbər verir ki, layihə çərçivəsində bp XX əsrin əvvəllərində Azərbaycanın intellektual və ədəbi həyatının formalaşmasında mühüm rol oynamış nüfuzlu nəşr olan “Dirilik” jurnalının bütün saylarının transliterasiya olunmuş variantının çapını maliyyələşdirib.
Bütövlükdə layihə “Dirilik” jurnalının orijinal mətnlərinin əski əlifbadan (ərəb) Azərbaycan dilinin müasir əlifbasına transliterasiya etməklə həmin dəyərli yazıların bu günün oxucularına, tədqiqatçılarına və gələcək nəsillərə əlçatan olmasını təmin etmək məqsədi daşıyır.
Bu təşəbbüs bp-nin Azərbaycanın zəngin mədəni irsini və tarixini təbliğ etmək öhdəliyinin bir hissəsi olmaqla şirkətin ölkə və xalqla uzunmüddətli tərəfdaşlığını bir daha vurğulayır.
“Bu nəşri maliyyələşdirməkdən çox məmnunuq, çünki bu, Azərbaycanın mədəni və intellektual irsinin qorunmasına və təbliğinə mühüm töhfədir. Bu tarixi mətnlərin müasir oxucular üçün yenidən canlandırılmasına yönəlmiş səyləri dəstəkləməkdən qürur duyuruq.
Jurnalın ilk buraxılışında baş redaktor Əliabbas Müznibin oxucuları tarixdən dərs almağa və milli özünüdərk və maarifləndirmə yolu ilə həm fiziki, həm də mənəvi diriliyi mənimsəməyə çağırdığı “Məqsədlərimiz” adlı redaksiya məqaləsi dərc olunmuşdu. Jurnalın şüarı olan “Mətbuatın sözü əsrin sözü olmalıdır” ifadəsi isə onun maarifləndirici və ruhlandırıcı missiyasını əks etdirirdi. Ümid edirik ki, biz Azərbaycanın erkən dövr mətbuatının parlaq nümunələrinin transliterasiyasını dəstəkləməklə bu missiyanı indi də qürurla davam etdirən Azərbaycanın milli mətbuatının 150 illik yubileyinə töhfə vermiş oluruq”, - deyə bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib.
İlkin olaraq, 1914–1916-cı illərdə nəşr edilən “Dirilik” jurnalı Azərbaycan publisisti, yazıçısı və siyasi xadimi Mirzə Bala Məhəmmədzadə tərəfindən “Türk dünyasının ədəbi, ictimai və siyasi jurnalı” kimi xarakterizə olunub. Jurnalda ictimai və siyasi hadisələrə, ədəbiyyata, mədəniyyətə və tarixə dair məqalələr dərc olunur, milli birliyin, mədəni tərəqqinin və milli kimliyin təbliğinə xüsusi önəm verilirdi.
“Dirilik” jurnalında Məhəmməd Əmin Rəsulzadə, İsmayıl bəy Qaspıralı, Cəfər Cabbarlı, Əliağa Vahid və digər tanınmış Azərbaycan ziyalılarının, yazıçı və şairlərin əsərləri dərc olunub. Bu jurnal öz dövrünün ən mühüm ədəbi və ideoloji mərkəzlərindən biri kimi tanınır.
Layihə “Milli irs” mədəni-tarixi tədqiqat fondu tərəfindən həyata keçirilib.
bp bu toplunun nəşr xərclərini qarşılamaq üçün 25 min manat (14 min 700 dollar) vəsait ayırıb.