Bakı. Trend:
1 oktyabr 2022-ci ildən etibarən kommersiya təchizatlarının başlanmasından etibarən 2025-ci ilin oktyabr ayının sonuna qədər Yunanıstan–Bolqarıstan (IGB) interkonnektoru vasitəsilə nəql edilən ümumi qaz həcmi Yunanıstandan Bolqarıstana 39 854 049 MVt/s, virtual olaraq əks istiqamətdə isə Yunanıstana 1 919 228 MVt/s təşkil edib.
Bu barədə Trend-ə boru kəmərinin operatoru olan ICGB AD şirkətindən məlumat verilib.
“Interkonnektor Bolqarıstana müxtəlif mənbələrdən təbii qaz tədarükü üçün ilk marşrut kimi özünü təsdiqləyib və ölkənin daxili istehlakının 50%-dən çoxunu təmin edir. Boru kəməri regional səviyyədə, Cənubdan Şimala miqyaslı iki tərəfli qaz axınlarını dəstəkləməyi və eyni zamanda region ölkələri üçün mayeləşdirilmiş təbii qaz (MTQ) və digər müxtəlif mənbələrə çıxışı genişləndirməyi hədəfləyən Şaquli Qaz Dəhlizi təşəbbüsünün mərkəzi elementi kimi əhəmiyyətli rol oynayır. Nəql sisteminin müstəqil operatoru ICGB “Route 2” və “Route 3”ün işə salınması və həyata keçirilməsi üçün tərəfdaşlarla fəal əməkdaşlığı davam etdirir ki, bu da regional enerji təhlükəsizliyini daha da gücləndirəcək və Moldova və Ukrayna kimi bazarlara qaz tədarükü üçün yeni imkanlar açacaq. Yeni güclər regionda enerji təhlükəsizliyinin dəyişən dinamikasına uyğun çevik bazar həllini təmsil edir”, – deyə şirkət bildirib.
ICGB-nin icraçı direktoru Teodora Georgieva vurğulayıb ki, son aylardakı nəticələr IGB layihəsinin arxasında duran tərəfdaşlıq əlaqələrinin gücünü əks etdirir.
“Azərbaycanla uzunmüddətli əməkdaşlığımız və Azərbaycan qazının uzunmüddətli tədarük müqaviləsi ilə təmin olunan sabitlik Bolqarıstan və bütün region üçün fundamental əhəmiyyət kəsb etməyə davam edir. Eyni zamanda, Şaquli Qaz Dəhlizi və IGB marşrutu ABŞ MTQ-i daxil olmaqla tədarüklərin şaxələndirilməsi, yeni imkanlar açır ki, bu da regional bazarların dayanıqlığını əlavə olaraq artırır”, – deyə o əlavə edib.
Qeyd edək ki, IGB Yunanıstanın milli qaz nəqliyyat sistemi (DESFA S.A.) və Trans-Adriatik qaz kəməri (TAP AG) ilə Komotini (Yunanıstan) bölgəsində, həmçinin, Bolqarıstanın qaz nəqliyyat sistemi (Bulgartransgaz EAD) ilə Stara-Zaqora bölgəsində birləşdirilib.
Qaz kəmərinin ümumi uzunluğu 182 km, borunun diametri 32 düymdür. Layihə gücü ildə 3 milyard kubmetr qazın Yunanıstan–Bolqarıstan istiqamətində nəqlini nəzərdə tutur, bazar marağı və qonşu qaz nəqliyyat sistemlərinin imkanlarından asılı olaraq bu həcm illik 5 milyard kub metrə qədər artırıla bilər.
