Bakı. Trend:
Hazırda Azərbaycanda sənəd dövriyyəsi artıq rəqəmsallaşdırılıb və bu, əməkdaşların evdən işləməsinə imkan verir.
Trend xəbər verir ki, bunu bu gün DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov Dövlət Məşğulluq Agentliyi tərəfindən Bakıda ilk dəfə keçirilən Gələcəyin Peşələri Sammiti çərçivəsində təşkil edilmiş "Gələcəyin iş mühiti" adlı panel müzakirəsində "İş dünyasında rəqəmsal koorperasiya strategiyaları" mövzusunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, rəqəmsallaşma iş, biznes proseslərini optimallaşdırmağa imkan verir:
"Rəqəmsallaşmanın əhəmiyyətini pandemiya dövründə daha çox gördük. Aydın oldu ki, biz rəqəmsallaşmaya tam hazır deyilmişik. Pandemiyadan sonrakı dövrdə iş yerlərində hibrid sistemə keçid başladı. Pandemiya dövrü göstərdi ki, iş mühiti texniki alətlər üzərində qurulmalıdır. Hələ ki, tam keçid edə bilməsək də, bu istiqamətdə işlər davam edir. Ölkəmizdə idarələrarası rəqəmsal sənəd dövriyyəsi təşkil edilib. Biz bütün problemləri rəqəmsallaşma ilə həll etməyə çalışsaq da, nəzərə almalıyıq ki, rəqəmsallaşma sadəcə bir alətdir".
