Bakı. Trend:
Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası keçirilib.
Hesablama Palatasından Trend-ə verilən məlumata görə, iclasda ilk olaraq “Azərbaycan Respublikasının Vahid Büdcə Təsnifatının büdcə xərclərinin inzibati təsnifatı üzrə “Dövlətdən sosial yardım alan aztəminatlı ailələrin əmlakının, dövlətə məxsus əmlakın və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığortasının təhlili”nə dair auditor hesabatı” müzakirə edilib.
Müzakirənin nəticələrinə əsasən analitik fəaliyyət üzrə auditor hesabatının təsdiq edilməsinə, hesabatın müvafiq dövlət orqanlarına təqdim olunmasına, həmçinin təhlilin nəticələrindən Hesablama Palatasının kənar dövlət maliyyə nəzarəti fəaliyyətində istifadə edilməsinə dair qərar qəbul edilib.
Daha sonra “Bioloji müxtəlifliyin qorunması sahəsində dövlət vəsaitlərinin və digər əmlakının idarə olunmasının auditinin nəticələrinə dair auditor hesabatı” müzakirə olunub.
Müzakirənin nəticəsinə əsasən auditor hesabatının təsdiq edilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurumlar tərəfindən zəruri tədbirlərin görülməsi, həmçinin auditin nəticələri üzrə məlumatın müvafiq dövlət orqanlarına təqdim olunması barədə qərar qəbul olunub.
İclasın sonunda gündəlikdəki digər cari məsələlərə baxılıb.
